"Supertoys" MMC KİV-də yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu gün yanğın baş verən ərazidə "Supertoys" MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətə məxsus anbarlar fəaliyyət göstərirdi.
Məlumatda bildirilir ki, yanğın digər anbardan başlayıb və "Supertoys" anbarı da zərərçəkənlər arasında olub.
"Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcək. "Supertoys" mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir".

"Sədərək" ticarət mərkəzindəki yanğının yeni təfərrüatı məlum olub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, güclü yanğının baş verdiyi anbar "Supertoys" mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.
Bildirək ki, məşhur "Supertoys" mağazalar şəbəkəsinin "Sədərək" ticarət mərkəzi ilə yanaşı Bakı və ətraf qəsəbələrdə filialları var.
Şirkətin rəsmi saytında olan məlumata əsasən hazırda şəbəkənin Bakıda 19 filialı xidmət göstərir.
Bu mağazalar şəbəkəsində uşaq aləminə aid olan müxtəlif növ malların satışı həyata keçirilir.
İlkin məlumata görə, baş verən yanğın zamanı şirkətə dəymiş zərər yüz minlərlə manatdır. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. Ətrafda olanların köməyi ilə yanğın başlayan zaman malların çox az bir hissəsini anbardan çıxarmaq mümkün olub.