Bakıda şaxtalı hava ilə əlaqədar yollarda yaranmış problemlər insanları narahat edir. Hər kəsi maraqlandıran məsələlərdən biri sərnişin avtobuslarının bu gün necə işləyəcəyidir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun verdiyi məlumata görə, bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı təxminən 2 minə yaxındır.
Lakin gün ərzində havanın necə olacağından asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər işləyəcəyinə qərar veriləcək.
“Hələlik bütün avtobuslar xəttə buraxılıb. Düzdür, avtobus qrafikində gecikmələr ola bilər. Hələlik nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin. Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə sərnişinləri təhlükə altında qoya bilmərik”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gedişhaqqı qiymətlərində də heç bir artım ola bilməz:
“Əgər kimsə süni qiymət artımı ilə rastlaşsa, nazirliyin 012 561-76-28 saylı “Qaynar xətti”nə müraciət edə bilər”, - deyə N.Həsənov əlavə edib.