Sumqayıt şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü barəsində protokol tərtib olunub.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev məlumat verib.
"Sözügedən avtobusun sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib", - deyə E.Hacıyev bildirib.
Sumqayıt şəhərində bəzi sərnişin avtobuslarının yol hərəkəti qaydalarını kobud şəkildə pozması digər sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.
İddialara görə, şəhərdə 7 nömrəli marşrut xətti üzrə hərəkət edən bəzi avtobus sürücüləri tez-tez yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradırlar.
Şikayətçilər bildirirlər ki, avtobus sürücüləri təhlükəli manevrlər edir və bəzi hallarda işıqforun tələblərinə belə əməl etmirlər.
Qeyd edək ki, sözügedən marşrut xətti ilə bağlı sosial şəbəkələrdə bundan əvvəl də analoji şikayət xarakterli videogörüntülər paylaşılsa da, sakinlərin sözlərinə görə, problemin aradan qaldırılması istiqamətində hər hansı dəyişiklik müşahidə olunmayıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qeyd olunan fakt üzrə araşdırma aparılır və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
"Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrut avtobusunun sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özünün, həm sərnişinlərin, eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atması yolverilməzdir", - deyə məlumatda bildirilir.