Süni intellekt texnologiyalarının inkişafı ilə dələduzluq halları daha təhlükəli xarakter alır. Təsəvvür edin: tanımadığınız nömrədən zəng gəlir və telefonun digər ucunda qardaşınızın, dostunuzun və ya başqa bir yaxınınızın səsini eşidirsiniz. Ardınca isə sizdən təcili pul göndərməyiniz xahiş olunur. Lakin eşitdiyiniz səs süni intellekt vasitəsilə yaradılmış saxta səs ola bilər.
Bəs belə halları necə müəyyən etmək mümkündür?
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, bəzi vətəndaşlar tanımadıqları nömrələrdən gələn zənglərə cavab verərkən ehtiyatlı davrandıqlarını bildirirlər.
"Yad nömrədən zəng gəldi. Telefonu açdım, elə bildim qardaşımdır. Məndən təcili karta pul göndərməyimi istədi. Səsi də eyni idi. Əvvəlcə pul göndərmək istədim, amma sonra şübhələndim. Öz nömrəsinə yazdım ki, nə məsələdir. Dedim, mənə səs göndər, sonra pul atım. Qardaşım isə təəccübləndi və heç nə baş vermədiyini dedi", - deyə vətəndaşlardan biri bildirib.
Mütəxəssislərin fikrincə, insanların rəqəmsal surətlərini yaratmaq, səslərini təqlid etmək və klonlaşdırmaq mümkündür. Bunun üçün sosial şəbəkələrdə və internetdə yayılan səs yazılarından istifadə edilə bilər. Süni intellekt həmin nümunələr əsasında öyrədilir və nəticədə konkret bir insanın səsinə bənzəyən danışıq yaradıla bilir.
Dələduzlar isə bu imkandan istifadə edərək insanların yaxınlarının adından müraciət edir, onlara emosional təsir göstərir və pul göndərməyə sövq etməyə çalışırlar.
Bəs süni intellektlə yaradılmış səsi həqiqi insan səsindən necə ayırmaq olar?
Mütəxəssislərin sözlərinə görə, süni intellekt vasitəsilə yaradılan səsləri müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Bəzi hallarda səs faylının texniki məlumatları onun hansı proqram vasitəsilə yaradıldığını müəyyənləşdirməyə imkan verir. Lakin dələduzların istifadə etdiyi saxta səsləri adi telefon danışığı zamanı aşkar etmək daha çətindir.
Belə hallarda həmin şəxsin danışıq tərzini, intonasiyasını və tələffüzünü yaxşı tanıyan yaxınları şübhəli məqamları hiss edə bilərlər. Bəzən nəfəs səslərində, cümlələr arasındakı fasilələrdə və danışığın təbiiliyində fərqlər nəzərə çarpır. Ancaq bu əlamətlər saxta səsi dəqiq müəyyən etmək üçün həmişə kifayət etmir.