Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov 2026-cı ildə patent əsasında çalışan əcnəbilərin fəaliyyətinə qadağa qoyulan iqtisadi sahələrin siyahısını genişləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, taksi sürücüləri və kuryerlərlə yanaşı, tibb, bərbərlik, kosmetologiya, pərakəndə ticarət, bədən tərbiyəsi və sağlamlaşdırma sahələrində də bəzi fəaliyyət növləri üzrə məhdudiyyətlər tətbiq edilib.
Qadağalar yalnız patent əsasında işləyən əcnəbi vətəndaşlara şamil olunur. Yüksəkixtisaslı mütəxəssislər, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin - Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın vətəndaşları bu məhdudiyyətlərdən istisna təşkil edirlər.
Qeyd edək ki, 2025-ci ildə Aleksandr Beqlov əcnəbilərin taksi sahəsində işləməsini qadağan edən qərar imzalayıb. Sahibkarlara mövcud əmək münasibətlərinə xitam vermək və yeni işçilər tapmaq üçün üç aylıq keçid müddəti ayrılıb.
Şəhər hakimiyyəti qərarların taksi xidmətlərinin keyfiyyətini və təhlükəsizliyini artırmaq, həmçinin Rusiya vətəndaşları üçün əlavə iş yerləri yaratmaq məqsədi daşıdığını bildirib.