Bakıda sürücü yol polisi tərəfindən döyüldüyünü iddia edir.
Oxu.Az xəbər verir ki, Məmmədov Amil Fəqani oğlu Milli.Az-a müraciət edib.
Onun iddiasında bildirilir ki, avqustun 3-ü saat 13:00 radələrində “VAZ-21015” markalı, 90 KS 195 dövlət nömrə nişanlı avtomobili ilə Sabunçu dairəsindən Mərdəkan istiqamətinə hərəkət edərkən yolun hava limanı ərazisindən keçən hissəsində onu üç Dövlət Yol Polisi ekipajı saxlayıb.
Sürücü Məmmədov Amil Fəqani oğlundan avtomaşından düşməsini tələb etdikdə sürücü səbəbini soruşub. Onun sözlərinə görə, bu zaman onu zor tətbiq edərək maşından düşürüb döyməyə başlayıblar. Sürücü bir neçə nəfərdən ibarət DYP əməkdaşının yumruq-təpiyindən can qurtarmağın yolunu qaçmaqda görüb. Əllərindən çıxıb qaçan sürücünü maşınla qovub tutan yol polisi əməkdaşları öz hərəkətlərinə haqq qazandırmaq üçün onu polis bölməsinə gətiriblər.
Axşama kimi bölmədə saxlanılan sürücü evə buraxılıb. Sabunçu xəstəxanasına qohumları tərəfindən gətirilən sürücüyə ilkin yardım göstərilib və bədənində, başında əzik və yaraların olduğu təsdiqlənib. Sürücü bu məsələ ilə bağlı DİN-in “102” xidmətini də məlumatlandırıb. Eyni zamanda, məsələ ilə bağlı aidiyyəti rayon üzrə prokurorluğa müraciət edib.
Prokurorluqdan Milli.Az-a bildirildi ki, avqustun 5-də prokurorluğa Amil Məmmədovun yol polisi tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Hələlik şikayət icraata qəbul edilməyib:
“Bir neçə gündən sonra şikayətlə bağlı hər hansı açıqlama vermək mümkündür”.
Məsələ ilə bağlı yol polisinin mövqeyini öyrənmək mümkün olmadı.









www.oxu.az