Sentyabrın 5-də Bakıda keçiriləcək "İRONMAN 70.3" yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların "Azneft" dairəsi istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - İpək yolu - Mikayıl Müşfiq küçəsi - Nəriman Nərimanov prospekti - Mehdi Hüseyn küçəsi - Şeyx Şamil küçəsi - İstiqlaliyyət küçəsi - Niyazi küçəsi ilə təşkil ediləcək.
"Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd edilib.
Bakıda keçiriləcək beynəlxalqsəviyyəli "Alufar IRONMAN 70.3 Baku" yarışının təhlükəsiz və mütəşəkkil keçirilməsi məqsədilə, sentyabrın 4-də və 5-də şəhərin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, məhdudiyyətlər sentyabrın 4-də saat 21:00-dan etibarən mərhələli şəkildə tətbiq ediləcək və sentyabrın 5-də saat 16:00-dək davam edəcək.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun (M2) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu qovşağından, yolun 25-ci kilometrindən başlayaraq əks istiqamətdə hərəkətin təmin edilməsi məqsədilə qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün bir hərəkət zolağı nəzərdə tutulub.
Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində bir hərəkət zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılacaq.
Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan dairəsi istiqamətində 14-cü kilometrindən şəhər mərkəzinə doğru, "Sheraton Baku Intourist" hotelinin qarşısındakı dairəyədək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Bakı-Ələt (M3) avtomobil yolunun Lökbatan-Bayıl istiqamətindən istifadə edə biləcəklər.
Məhdudiyyətlərin tətbiqi yarışdan əvvəlki hazırlıq mərhələsində sentyabrın 4-də saat 21:00-dan sentyabrın 5-də saat 04:59-dək, yarışın keçirildiyi əsas mərhələdə isə saat 05:00-dan 14:30-dək davam edəcək.
Yarış başa çatdıqdan sonra ərazidə təmizlik və bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlərin 5 sentyabr saat 14:30-dan 16:00-dək davam etdirilməsi nəzərdə tutulur.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 5-də paytaxtımızda keçiriləcək "Alufar IRONMAN 70.3 Baku" yarışına 62 ölkədən 1500-dən çox iştirakçının qatılacağı gözlənilir.