Bu gün Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Ruhəngiz Nağı qızı Qasımovanın doğum günüdür.
Oxu.Az xatırladır ki, tanınmış bəstəkar 1940-cı il iyulun 12-də Bakıda anadan olub.
O, uzun illər Azərbaycan Dövlət Televiziyası və Radiosunda səs rejissoru və bəstəkar kimi fəaliyyət göstərib. Ruhəngiz Qasımovanın hekayələri müxtəlif dövrlərdə "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" və "Ulduz" jurnallarında dərc edilib. O, həmçinin "Babamın muzeyi" kitabının müəllifidir.
Bəstəkar çoxsaylı mahnıların müəllifi olub. Yaradıcılığında "Quyu" tamaşası (1995) üçün yazdığı musiqi və "Qızıl oğlan" musiqili nağılı (1999) xüsusi yer tutur.
Ruhəngiz Qasımova 9 oktyabr 2022-ci ildə Honkonqda vəfat edib. O, Bakıda Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında dəfn olunub.
Bəstəkarın İlkin və Cananə adlı iki övladı var.
Ruhəngiz Qasımovanın yaradıcılığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 17 sentyabr 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.