Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tələbələrin Bakıya axını başlayır: Universitet yataqxanalarında vəziyyət necədir? - ARAŞDIRMA
Ölkəmizdə əksər tələbələr üçün universitet yataqxanaları əlçatmaz olub. Yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qaldığını, regionlardan paytaxta tələbə axınının baş verəcəyini nəzərə alsaq, mənzil kirayələmək istəyənlərin sayının artacağını indidən söyləmək mümkündür. Kirayəlik mənzillərin az olması, olanlarının da aylıq kirayə qiymətinin baha olması tələbələr üçün əlavə qayğıdır.
Onu da nəzərə alaq ki, aztəminatlı ailələrdən gələn tələbələr üçün kirayədə qalmaq da çətinlik yaradır. Onların maddi durumu buna imkan vermir. Həmin tələbələrin naəlac qalıb üz tutduqları yataqxanaların vəziyyəti də ürəkaçan deyil. Burada qiymətlərin baha olması və tələbələrin qəbul edilməsində yaranan çətinliklər daha çox qeyd olunur. Bəzi hallarda tələbələr üçün yataqxanada qalmaq kirayə evdə yaşamaq qədər baha başa gələ bilir.
Bizim.media yataqxana qiymətlərini öyrənmək üçün universitetlər arasında sorğu keçirib.
Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları yataqxanaya qəbul edilir:
“BDU-nun Tələbə Evi 220 nəfərlikdir. Bir nəfər üçün qiymət 75 manatdır. Yeni yataqxananın inşası istiqamətində də işlər davam edir. Yeni yataqxana təxminən 2500-3000 tələbənin qalmasına imkan verəcək”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanasında isə bir otağın aylıq kirayə qiyməti 100 manatdır. Otaqlarda tələbələr iki və ya üç nəfər qalır. Və həmin məbləğ onların arasında müvafiq olaraq iki (hərəyə 50 manat) və ya üç (hərəyə 33 manat) yerə bölünür. Eyni zamanda həssas sosial qruplardan olan tələbələr müraciət etdikdə, ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi yataqxana xərcini tələbələrin əvəzinə ödəyir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yataqxanasında isə bir otağın qiyməti qiymət 85 manatdır. Yataqxana sadəcə xanımlar üçündür. Yerlər məhdud olduğuna görə, əsasən sosial vəziyyəti aşağı olan tələbələrə üstünlük verilir.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş beşmərtəbəli, daş konstruksiyalı altı binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik iki ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir.
Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb.
Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək.
Bəs, ekspertlər yataqxana problemi ilə bağlı nə düşünürlər?
Təhsil üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, universitetlərdə illik təhsilhaqqı verən tələbələr üçün ödənişin daxilində yataqxana xərcləri də nəzərdə tutula bilər.
Əgər bu addım atılmayacaqsa, yataqxanalar tələbələrin yararlana bilməsi üçün minimum qiymətlərlə təklif edilməlidir:
“Universitet yataqxanalarında ödənişin yığılması və hətta yüksək məbləğdə olması qəbuledilməzdir. Əslində hər bir universitetin yataqxanası mütləq olmalıdır. Ölkəmizdə isə bəzi universitetlərdə, ümumiyyətlə, yataqxana yoxdur. Olanlarda isə Azərbaycan torpaqlarının işğalından sonra məcburi köçkün düşmüş vətəndaşlarımız məskunlaşıb.
Nəticə etibarilə çox az sayda universitet var ki, onlar yataqxanalarında tələbələrini yerləşdirə bilirlər. Bu yerləşmə zamanı da konkret olaraq yüksək məbləğ tələb edilməməlidir. Yəni tələbənin yataqxanada yerləşməsinə imkan yaradılmalı və orda təyin olunan qiymət də ən az yataqxananın kommunal xərclərini qarşılayacaq dərəcədə təyin olunmalıdır. Təəssüflər olsun ki, bəzi universitetlər daha yüksək qiymət tələb edir ki, bu da doğru deyil”.
Ekspert universitetlərin hər birinin tələbələri yataqxanalarla təmin etmək istiqamətində işlər görməsini vacib hesab edir:
“Təkcə Bakı şəhərində yaşayan əhali deyil, regionlardan da paytaxta gələn kifayət qədər tələbə kontingenti var. Onlardan 400-500, hətta 800-1000 manat kirayə pulu verənlər var”.
"ADNSU" teqi üzrə xəbərlər
- Bəzi universitetlər beynəlxalq reytinqlərdə niyə yer ala bilmir?
- Bakıda universitet yataqxanaları - Şərait və qiymətlər necədir?
- Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?
- Universitetdə halı pisləşən tələbəyə polis kömək etdi
- Britaniya səfiri ADNSU-da COP29-la bağlı müzakirələr aparıb - FOTO
Rəylər