Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Torpaq sahələri təyinatı üzrə istifadə olunmalıdır
Torpaqların qanunvericiliyə əsasən öz təyinatına uyğun istifadəsi vacib məsələlərdəndir. Bəzən istifadəçilərin kifayət qədər məlumatlı olmaması torpaqların kateqoriyasına uyğun olmayan istifadəsinə səbəb olur. Nəticədə torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, münbit qat korlanır, torpağın iqtisadi səmərəsi azalır.
Bəs torpaqlar kateqoriyalarına uyğun necə istifadə olunmalıdır?
Kateqoriyasından asılı olmayaraq torpaq səmərəli və məqsədli istifadə olunmalıdır. Torpaqların münbitliyinin qorunması və yararlı formada saxlanması üçün təyinatı üzrə düzgün istifadəsi əsas şərtdir. Bunun üçün hər kəs sahib olduğu və ya istifadə etdiyi torpağın hansı kateqoriyaya aidliyini bilməli, təyinatı üzrə istifadə tələbləri ilə tanış olmalıdır.
Ölkəmizdə mövcud olan torpaq sahələri məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq 7 kateqoriyaya ayrılır. Bunlara kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu, su fondu və ehtiyyat fondu torpaqları aiddir.
Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində hansı tələblər var?
Torpaq Məcəlləsinə əsasən, bu təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulub. Belə torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal və emal oluna bilər. Eyni zamanda, əkin, çoxillik əkmələrin altında olan, dincə qoyulmuş torpaqlardan əkinçilik məqsədilə, örüş, otlaq və biçənək sahələrindən heyvandarlıq məqsədilə istifadə oluna bilər. Həmçinin, bu kateqoriyaya aid torpaqlar kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün də istifadə edilir.
Kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçiləri bilməlidirlər ki, belə sahələrdə kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiya, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Təəssüf ki, aparılan reyd və monitorinqlər zamanı belə torpaqların təyinatdan kənar məqsədlər üçün istifadəsi, həmin torpaqlarda özbaşına əsaslı tikinti aparılması, fərdi yaşayış evlərinin, istehsal və xidmət obyektlərinin tikintisi halları müşahidə edilir
Bu kimi neqativ hallara qarşı tətbiq olunan məsuliyyət cərimə və cəzalar...
Kənd təsərrüfatı təyinatlı torpaqlardan qeyri-qanuni istifadə edənlər unutmamalıdır ki, bu hallarla bağlı qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə torpaqların təyinatından kənar məqsədlər üçün istifadəsi ilə bağlı hallar aşkarlandığı zaman İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, eləcə də həmin ərazidə tikinti və ya quraşdırma işlərinin aparılması kimi hallara görə Cinayət Məcəlləsinin 188-ci maddəsinə uyğun olaraq 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qeyd edək ki, ölkəmizdə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
- Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır
- Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər
Rəylər