Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədən koronavirusla mübarizə üçün gələn həkim: “Düşündüm ki, vətənimdə epidemiya varsa...” - MÜSAHİBƏ
Məlum olduğu kimi, koronovirusla mübarizə məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə xaricdə təhsil alan 19 azərbaycanlı həkim-mütəxəssis çarter reyslə ölkəmizə gətirilib.
19 peşəkar mütəxəssisin yer aldığı həkimlər qrupu ölkəmizdə qlobal pandemiya ilə mübarizəyə töhfələrini verəcəklər.
Oxu.Az-ın budəfəki müsahibi həmin həkimlərdən biri – anestezioloq-reanimatoloq Turanə Rəsulovadır.
– Azərbaycanda işləmək öz təşəbbüsünüz olub, yoxsa dövlətin seçimi idi?
– Bizim buraya gəldiyimiz REACT-C19 layihəsi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan hökumətinin rəhbərliyi, Ege Universiteti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birlikdə həyata keçirdiyi layihədir.
Layihə haqqında məlumat Türkiyədə Azərbaycan Həkimləri Dərnəyi tərəfindən elan edildi. Bu dərnək Türkiyədə bütün azərbaycanlı həkimlərin ətrafında birləşdiyi, tədbirlərində iştirak etdiyimiz, bizi bir araya gətirən tanınan, sayğı duyulan bir qurumdur.
Dərnək elan etdi ki, layihədə iştirak etmək istəyən həkimlər müraciət etsin. Mən də ailəmlə məsləhətləşib qərara gəldim ki, müraciət etdim. Düşündüm ki, vətənimdə epidemiya varsa, həkim kimi faydam toxuna bilərsə, getməliyəm. Vətən çağırırsa, getmək lazımdır. Yəni bu layihədə dövlətimiz rəhbərdir, müraciət isə öz azad təşəbbüsümüz, istəyimizlə olub.
Tərcümeyi-hallarımız dəyərləndirildi, hər birimizlə onlayn müsahibə aparıldı. Müraciət edənlər çox idi, bəzi meyarlara görə 19 həkim seçildi. Həmin həkimlərdən biri də mən oldum.
– Hazırda hansı klinikalarda işləyirsiniz? Gündəlik iş rejimidir, ya həftəlik? Evə nə vaxt gedirsiniz? Ailə ilə görüşməyə icazə varmı?
– Biz dörd nəfərlik dörd qrupa - bayrağın rənglərinə görə ağlar, yaşıllar, mavilər və qırmızılara bölünmüşük. Mənim qrupum “Bəyazlar”dır. Biz aypara və ulduzun rəngiyik.
Hər qrupun içində anesteziya və reanimasiya, daxili xəstəliklər, infeksion xəstəlikləri, ağciyər xəstəlikləri üzrə mütəxəssislər yer alır.
Hər qrup əvvəl Bakının ayrı-ayrı COVID-19 xəstəliyi ilə mübarizə üçün ayrılmış xəstəxanalarına ezam olundu. Biz iki həftə istirahət günü olmadan bu xəstəxanalarda işləyəcəyik. Ardında iki gün istirahət edib region xəstəxanalarına gedəcəyik, yenə 14 gün bir yerdə işləyib, sonra digər rayonumuzda çalışacağıq. Gün boyu işlədikdən sonra bütün qoruyucu tədbirləri alaraq ailəmizlə görüşə bilirik.
– Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Bakıya gəlmədən əvvəl 19 həkimə İzmirdə təlim keçirilib.
– Bəli, İzmirdə ÜST-ün pandemiya ilə mübarizədə istifadə etdiyi metodlar, xəstəxanaların hazırlanması və digər nüanslar haqqında intensiv bir təlimdən keçdik. Bu, bizim ixtisasımızdan və çalışdığımız xəstəxanadan əldə etdiyimiz təcrübə və biliklərin üzərinə spesifik biliklər əlavə etdi ki, Azərbaycanın pandemiya ilə mübarizəsinin təşkili üçün daha hazırlıqlı gələk.
– Türkiyədə bu xəstəliyin müalicəsi üçün tətbiq olunan yeniliklər varmı? Onları burada tətbiq etmək mümkün olacaqmı? Kənardan baxan biri üçün bizdə işlərin təşkili necədir?
– Türkiyə və tibb sahəsi inkişaf etmiş ölkələrin hər biri yerli protokollarını ÜST-ün tövsiyələrinə əsaslandırır. Türkiyədə “Bilim kurulu”nun qərarı ilə protokollar mütəmadi yenilənir, yenidən baxılır və xəstəxanalara çatdırılır.
Bütün ölkə Türkiyə Səhiyyə Nazirliyi tərəfindən yenilənmiş protokollarla müalicəni həyata keçirir. TƏBİB-in COVID-19-la mübarizədə seçilmiş xəstəxanalarda tətbiqini münasib bildiyi protokollar da ÜST-ün tövsiyələrinə əsaslanır.
– Yerli şəraitlə tanış olmağa imkan tapmısınızmı?
– Bizim işimizin önəmli bir hissəsi yerli vəziyyətlə tanış olmaq, dəyərləndirmək, hansı sahədə faydamız ola bilər deyə araşdırmaq, kömək etmək, həmkarlarımızla birlikdə koronavirus pandemiyası ilə mübarizə üçün xəstəxanaları hazırlıqlı vəziyyətə gətirməkdir.
– Keçmiş sovet ölkələrində uşaqlara edilən BSG peyvəndinin xəstəliyi yüngül keçirməyə təsiri barədə söhbətlər var. Bu, nə dərəcədə doğrudur?
– Belə söhbətlər var. Bunların ortaya çıxması da normaldır. Çünki koronavirusun COVID-19 adlandırılan yeni forması hələ tam öyrənilməyib. Baxmayaraq ki, qısa müddət ərzində kifayət qədər çox elmi araşdırmalar aparılıb, məqalələr çıxıb, hətta yanvar ayından indiyə kimi 2300-dən çox məqalə dərc edilib.
– Bu, elm adına virus haqqında tam detallı məlumat vermək üçün az müddətdir. Bu peyvəndlərin çarpaz reaksiya yarada bilməsi, yəni COVID-19-a yoluxmanın qarşısını ala biləcəyi ilə bağlı fərziyyələr var, amma təsdiqini tapmayıb.
ÜST kimi ciddi tibbi qurumlar tərəfindən tövsiyə olunmadığı müddətdə öz təsdiqini tapmamış bir məlumat olaraq qalmaqdadır. Ona görə də əsassız sayılır. Bu fikir dəyişə bilər. Bunu zaman, çalışmalar göstərər. Elm bunları kifayət qədər dərinliyinə kimi araşdırdıqdan sonra fakta əsaslanaraq, sübuta əsaslanan tibb şəklində mövqeyini ortaya qoyur. Bunun üçün isə çox tezdir.
– Virus bədəndə antitel yarada bilirmi? Yəni bir dəfə yoluxub sağalmış adam ikinci dəfə yoluxsa, daha yüngül keçirə bilərmi?
– Bəli, virus infeksiyasına bir dəfə yoluxma orqanizmdə virusa qarşı antitellər yaranmasına səbəb olur. Antitel virusla mübarizə apararkən vücudumuzun ona qarşı sintezlədiyi immun hüceyrələrdir. Yəni orqanizmimiz virusa qalib gəlir, sağalırıq və qanımızda virusa qarşı yaranmış antitellər qalır.
Bu antitellərin təsbitinə əsaslanaraq, qısa zamanda nəticəni göstərən sürətli diaqnostik testlər hazırlanır. Bu testlər göstərir ki, orqanizm virusla təmasda olub, ona qarşı anticisim sintezləyib. Amma bu, PZR-dən fərqli olaraq, xəstəliyi keçirib sağalıbmı, ya hazırda xəstədirmi məsələsini ayırd edə bilmir.
PZR (Polimeraz zəncirvari reaksiya) testi antitel testindən fərqli olaraq, virusun genetik ardıcıllığını təsbit edir. Nəticə müsbətdirsə, nümunədə virusun hazırda mövcud olduğunu göstərir. Antitel isə o deməkdir ki, virusun özü ola da bilər, olmaya da. Amma ona qarşı orqanizmin immuniteti var.
Keçmişdə keçirilmiş xəstəlik əsasında da yaranmış ola bilər, hazırda davam edən xəstəliyi də göstərə bilər. Əgər antitel varsa və virus ona qarşı immunitet yaranandan sonra yenidən genetik mutasiyaya məruz qalmayıbsa, bu antitel bəzi istisnaları çıxmaqla, tam qoruyucu olur.
Virus mutasiyaya uğradısa, məsələn, qrip virusu influenzaya qarşı da vücudumuzda antitel yaranır, amma influenza virusu olduqca tez mutasiyaya uğradığı üçün təxminən bir ildən sonra vurulan peyvəndlərin faydası olmur.
Çünki virus öz genetik strukturunu dəyişə bilir. Koronavirusa qarşı yaranan antitellərin hansı müddətdə yaşadığı və virusun genetik davamlılığının nə qədər olacağı isə hələ tam bilinmir.
– Xəstəliyin müalicəsi xəstələrin yaş qrupuna görə hansı fərqliliklər göstərir?
– Yaş qrupuna görə xəstəliyin gedişi dəyişir. 65 yaşdan yuxarı şəxslər xəstəliyi daha ağır keçirir, ağırlaşma ehtimalları artır. Dünyada rast gəlinən ARDS (kəskin tənəffüs çatışmazlığı sindromu) ən çox yaşlı populyasiyada görünür.
Gənclər və orta yaşlılarda da rast gəlinir. Ölüm faizinin yüksək olduğu isə 65 yaşdan yuxarı populyasiyadır. Dünyada koronavirusa qarşı spesifik bir dərman hazırlanmayıb. Sadəcə, ÜST-ün tövsiyələri daha öncə oxşar koronavirus infeksiyalarında, eyni zamanda, digər viral infeksiyalarda istifadə olunan müalicə protokollarının uyğunlaşdırılaraq tətbiqinə əsaslanır.
Yaşlı xəstələrdə yanaşı xəstəliklərə çox rast gəlinir.
Bunlara nümunə kimi yüksək təzyiq, şəkərli diabet xəstəliyi, ürək-damar xəstəlikləri və digərlərini göstərmək olar. Yaşlandıqca bunların rastgəlmə sıxlığı artır və orqanizmin ümumi immuniteti nisbətən zəifləmiş olur, virusun yol aça biləcəyi ağırlaşma ehtimalları artır. Yaşlı xəstələrdə antiviral müalicənin yanında simptomatik və yanaşı xəstəliklərin müalicəsi də aparılır.
– COVID-19 müalicəsi üçün sxem var. Bütün ölkələr, əsasən, o sxemi istifadə edir. Həmin sxemi xroniki xəstəliyi olan adamlarda tətbiq edə bilirsinizmi?
– Bəli. Protokollar mövcuddur. Hər ölkə üçün bu protokollar təzələnir. Adətən, bu müalicə protokollarının hazırlanmasında ÜST-ün tövsiyələrinə əməl olunur. Azərbaycanda da həmin qayda tətbiq edilir. Xroniki xəstəliyi olanlarda bunlarla yanaşı, o xəstəliklərin müalicəsi də həkimi tərəfindən xəstəyə spesifik olaraq təyin olunur. Xroniki xəstəliklərin olması ağırlaşma ehtimallarını artırır.
– Türkiyədə koronavirusdan sağalan xəstənin qanından alınan plazmanın koronavirus xəstələrinə köçürülməsi proseduru həyata keçirilibmi?
– Bir neçə mərkəzdə koronavirusdan sağalan xəstənin qanından alınan plazmanın koronavirus xəstələrinə köçürülməsi aparıldı. Bu, ağır xəstələrin üzərində sınaqdan keçirildi. Mətbuatdan oxuduğuma görə, müsbət nəticə əldə edilib. Amma hələlik bu, geniş yayılmış bir metod deyil.
İnsanın qanının plazma hissəsində anticisimlər olur.
O anticisimlərin plazma şəklində alınaraq, xəstəliyi keçirmiş şəxslərdən xəstələrə köçürülməsi virusla mübarizədə xəstəyə kömək edir. Çünki qanına hazır immuncisimlər köçürülür.
Bu, dünya praktikasında başqa viral xəstəliklərin müalicəsində çox sınaqdan keçirilmiş bir metoddur. Amma koronavirusun müalicəsində ayrı-ayrı mərkəzlərdə aparılsa da, hələlik geniş şəkildə istifadə olunmur. Yalnız çox ağır xəstələrdə aparılan bir neçə iş uğurlu nəticə verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı mətbuat konfransında qeyd etdi ki, Azərbaycanda da bu sahədə işlər aparılır və artıq real addımlar atılıb.
– TƏBİB-in sədri Ramin Bayramlı bildirib ki, gələn həkimlərə Bakıda qalıb, işləmək təklif ediləcək. Qalmağı düşünürsünüzmü?
– Mən Ankaradakı işimi bitirdikdən sonra mütləq Azərbaycana qayıtmağı düşünürəm. Gələcəklə bağlı arzu və istəyim ölkəmizə qayıtmaq, vətənimə xidmət etmək, vətənimin insanı üçün çalışmaqdır. TƏBİB-dən belə isti münasibət görürüksə, nə xoş bizə. Bizim də, TƏBİB-in də ortaq bir istəyimiz var, o da vətənə xidmətdir.
İlhamə Əbülfət
Rəylər