Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyətlə bağlı tədbir görülüb.
Məmmədli bələdiyyəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, kənd ərazisində məişət tullantılarının daşınmasını həyata keçirən şirkət üç gün əvvəl dəyişdirilib.
Bələdiyyədən bildirilib ki, yeni şirkət tərəfindən sözügedən küçə ilkin mərhələdə texniki səbəblərdən nəzərdən qaçırılıb:
"Şirkət yeni fəaliyyətə başladığı üçün qeyd edilən ərazi yanlışlıqla ötürülüb. Lakin bu gün səhər saatlarından məsələ aydınlaşdırılıb və ərazi təmizlənib".
Açıqlamada vurğulanıb ki, hazırda sözügedən ərazi bələdiyyə tərəfindən nəzarətə götürülüb.
Abşeron rayonu, Məmmədli kəndi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.
Bununla bağlı Oxu.Az-a kənd sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, tullantıların vaxtında daşınmaması ciddi problemə çevrilib.
Belə ki, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər tam dolub, zibil ətrafa səpələnərək geniş əraziyə yayılıb. Plastik torbalar, karton qutular və müxtəlif məişət tullantıları konteynerlərin ətrafında qalaqlanıb. Bəzi tullantıların isə torpağa qarışdığı müşahidə olunur.
Sakinlərin sözlərinə görə, mövcud konteynerlər köhnədir, onların bəzilərinin təkərləri yoxdur və istifadəyə yararlı deyil:
"Bizim məhəllədə zibil konteynerləri nə dəyişdirilib, nə də onlarla maraqlanan var. Bu konteynerlər çox köhnədir. Buradakı üfunətdən nə böyük, nə də uşaq rahat keçə bilir. İllərdir bu vəziyyətdə yaşayırıq. Bizim əsas tələbimiz odur ki, bu əraziyə diqqət yetirilsin və problem həll olunsun".