Yəqin ki, yox. Ümumilikdə götürəndə, bu xəbər mənim üçün də xoş deyil. Axı mənim bildiyimə görə, Kotovski Qriqori İvanoviç oğru olub və bir zamanlar xəfiyyələr onu “min bir cinayət fırıldağının qəhrəmanı” və qatil adlandırmışdılar. O, bir neçə dəfə həbsdə olub, lakin Birinci Dünya Müharibəsinin (1914-1918) sayəsində ölüm cəzasından yaxasını qurtara bildi və 1917-ci ildə cəbhəyə göndərildi. Burada xidmət etdiyi üç il ərzində Kotovski zabit rütbəsinədək yüksəldi, 1920-ci ildə isə bolşeviklərə qoşuldu.
Bir qədər qəribə olsa da, Bakıda küçələrin adlarının kütləvi şəkildə dəyişdirilməsi zamanı, Bakıda “Kotovski”yə dəyməyiblər. Bəlkə, Qriqori İvanoviç Azərbaycan xalqına o qədər yaxın olub ki, indiyədək şəxsiyyət vəsiqələrinin alınması, digər sənədlərin rəsmiləşdirilməsi zamanı onu yad edirlər? Bəlkə hər şey çox sadədir: qərar alıblar ki, küçə sevimli heyvanların – pişiklərin şərəfinə belə adlandırılıb (кот – rus dilində pişik deməkdir – red.)?! Kotovski küçəsində yaşayan bir həmkarımın mənə dediklərinə görə, heyvanlar burada özlərini çox rahat hiss edirlər. İnanmırsınız, gəlin özünüz görün, həm də küçənin adının əks olunduğu lövhəni də şəxsən görmüş olacaqsınız.
Bundan başqa, Yeni Suraxanı qəsəbəsində Kirov küçəsi də var. Bundan başqa, əgər əvvəllər yalnız məşhur inqilabçının adı qeyd olunsa da, lövhələr dəyişdikdən sonra onun adı soyadı və atasının adı ilə birlikdə yazılmağa başladı – Sergey Mironoviç. Kirovu isə bizdə yaxşı tanıyırlar. Məhz bu adam 28 aprel 1920-ci ildə XI Qızıl ordunun başında Bakıya daxil oldu və Azərbaycan Cümuriyyətinin müstəqilliyinə son qoydu. Yaxşı “işinə” və dövlətə xidmətlərinə görə, 1921-ci ildə Kirovu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edirlər. Və bu hələ son deyil: onun adı park (hazırkı Dağüstü park), şəhər (Kirovabad – Gəncə), universitet (Bakı Dövlət Universiteti), Xəzər ali hərbi-dəniz komandir məktəbi və hətta Zabrat qəsəbəsindəki Mexanika zavoduna verilmişdi.
Məgər bu “qəhrəman” bizim üçün o qədər əzizdir ki, onun adı indiyədək ünvan lövhələrində öz əksini tapıb?
Yeni Suraxanı təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, küçələrin adlarının dəyişdirilməsi bu qəsəbədən yan keçib. Heç bir söz lazım deyil, küçələrin adlarının qeyd olunduğu lövhələrə diqqət yetirək: Kommunist küçəsi, Sovetskaya küçəsi, Alyoşa Caparidze küçəsi. Diqqət yetirin, burada Caparidzenin əsl adı – Prokopiy deyil, onun partiya təxəllüsü qeyd olunub. Bəs adının burada yaşayan insanların sənədlərində qeyd olunduğu bu adam kimdir?
Alyoşa Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizənin rəhbərlərindən biridir. O, 1917-ci ildə RSDRP-nin Bakı Komitəsinin tərkibinə seçilib və sosialist inqilabi uğrunda proletariatın mübarizəsinə rəhbərlik edib. 26 Bakı komissarının avantürası nəticəsiz başa çatdıqdan sonra, 31 may 1918-ci ildə eserlər və ingilislər tərəfindən həbs edilərək, güllələnib.
Yeni Suraxanıdan uzaqlaşaq. Şəhərin mərkəzinə gələk. “İçəri şəhər” metro stansiyasının yaxınlığında, prokurorluğun yanında Mustafa Sübhi küçəsi var. Doğurdanmı ünvan lövhələrinin yerləşdirilməsi və küçələrin adlarının dəyişdirilməsinə görə məsuliyyət daşıyan şəxslərin Sübhinin kim olması barədə məlumatları yoxdur? Adı Mustafadırsa, elə özümüzünkü deməkdir? Heç də yox. Sübhinin tərcümeyi-halı çox “rəngarəngdir”: əvvəla, o, türkiyəli inqiliabçıdır, ikincisi, siyasi baxışlarına görə ölkədən sürgün edilib, üçüncüsü, Türkiyə Kommunist partiyasının təsisçisi və sədridir. 1920-ci ildə marksist ədəbiyyatının Türkiyəyə göndərilməsinin təşkili üçün Bakıya köçüb. Bəlkə mən nəyisə düzgün anlamıram, lakin paytaxtımızın Türkiyədə inqilabın hazırlanması üçün platforma olmasına görə şəhərin mərkəzində M.Sübhinin adını küçəyə vermək nə dərəcədə düzgündür? Bizim nümunəmiz tək deyil. Simferopol və Yalta şəhərlərində də Mustafa Sübhinin adına küçələr var.
Mən başa düşürəm, onilliklər ərzində Sovet İttifaqının tərkibində yaşamışıq. Lakin artıq 20 ildir ki, Azərbaycan müstəqil ölkədir. Düşünürəm, bizim özümüzün kifayət qədər qəhrəmanlarımız, respublikamızın mədəniyyəti və tarixinə böyük töhfə vermiş insanlarımız var. Küçələr, parklar, mədəniyyət obyektləri və sair məhz onların adı ilə adlandırılmalıdır.
Yox, əgər küçələrin adları dəyişdirilib, lakin “sadəcə lövhələr qalıbsa”, müvafiq idarələrin nəhayət ki, “məsələni tam həll etmələrini” gözləyirik.
www.bakupost.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin