Hədiyyə bağışlamaq (hüquqi dildə bağışlama müqaviləsi) heç bir qarşılıqlı öhdəlik tələb etməyən əvəzsiz əmlak köçürülməsi prosesidir.
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hədiyyənin geri alınması ilə bağlıdır.
Birinə hədiyyə verdiniz, sonra isə onu geri istədiniz.
Bəs qanun buna icazə verirmi?
Mülki Məcəlləyə görə, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Adi daşınar əşyanın, məsələn, telefonun hədiyyə kimi verilməsi də bağışlama hesab olunur.
Amma qanun bəzi hallarda hədiyyə verənə bağışlamadan imtina etmək hüququ verir.
Məsələn, hədiyyə alan şəxs hədiyyə verənə və ya onun yaxın qohumuna qarşı ağır cinayət törədərsə, yaxud ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini hədiyyə verənə və ya onun yaxın qohumlarından birinə qarşı kobud şəkildə pozarsa, bağışlamadan imtina edilə bilər.
Həmçinin hədiyyə alan bağışlama müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq yerinə yetirməzsə, bu da bağışlamadan imtina üçün əsasdır.
Bəs hədiyyəni hələ verməmisiniz, sadəcə verəcəyinizi vəd etmisinizsə?
Məsələn, bağışlama vədindən sonra hədiyyə verənin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və ya onun yeni ailə vəzifələri yaranarsa, bağışlama vədindən imtina etmək mümkün ola bilər.
Ancaq bunun üçün də müddət var. Bağışlamadan imtinaya əsas verən hal hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina barədə bildiriş hədiyyə alana çatmalıdır.
İmtina edildikdə və hədiyyə hələ hədiyyə alanın mülkiyyətindədirsə, o, hədiyyəni qaytarmalıdır.