ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinə ölkəsinin rəmzlərindən biri sayılan ağbaş qartal heykəli hədiyyə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda səfərdə olan Çin rəhbərinin şərəfinə Ağ Evdə təşkil olunan ziyafətdə çıxış edən ABŞ prezidenti bildirib:
"Dostluq nişanəsi olaraq ÇXR sədrinə dünyanın ən möhtəşəm sənətkarlarından olan görkəmli amerikalı heykəltəraş tərəfindən hazırlanmış hədiyyəni təqdim etmək mənim üçün böyük şərəfdir. Onun dizaynı mənim və ABŞ-nin birinci xanımı Melaniyanın şəxsi iştirakı ilə hazırlanıb".
O, budaq üzərində qanadlarını açmış iri quş formasında olan heykəli nümayiş etdirərək deyib:
"Ağbaş qartal Amerikanın azad və uca ruhunu təcəssüm etdirən milli rəmzidir. Ümid edirik ki, Pekində onun üçün gözəl bir yer tapılacaq. Bu, sizin şərəfinizədir".
ABŞ rəhbəri heykəlin hansı materialdan hazırlandığını və heykəltəraşın adını açıqlamayıb.
Qeyd edək ki, ÇXR sədrinin ABŞ-yə dövlət səfəri sentyabrın 25-də başa çatacaq. Donald Tramp isə Çində mayın 13-dən 15-dək səfərdə olmuşdu.