1985-ci ildə cinayət törətməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən ABŞ-nin Yuta ştatının sakini Duqlas Stüart Karterin DNT-si hadisə yerindən götürülmüş nümunələrlə üst-üstə düşmədiyi üçün o, girov müqabilində azadlığa buraxılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" telekanalı xəbər yayıb.
Telekanalın məlumatında qeyd olunur ki, Karter Yuta ştatının Provo şəhər polis rəisinin xalası olan ABŞ vətəndaşı Eva Olesenin qətlində təqsirləndirilib. Cinayət yerində onun iştirakını təsdiqləyən heç bir maddi sübut tapılmasa da, 1985-ci ildə ona ölüm hökmü oxunub.
Bu qərarı Karterin etirafına və onun qətl barədə danışdığını iddia edən iki şahidin sözlərinə əsaslanaraq qəbul ediblər. Lakin sonradan həmin şahidlər verdikləri ifadələri geri götürüblər.
Yuta ştatının Ali Məhkəməsi 2025-ci ildə müstəntiqlərin qeyri-qanuni əməllərinə görə cinayət işinin yenidən araşdırılması barədə qərar çıxarıb.
Karter isə hədə-qorxu yolu ilə törətmədiyi cinayəti etiraf etməyə məcbur edildiyini vurğulayıb. Bununla yanaşı, qətlə yetirilən qadının gəlininin sözlərinə əsasən, Olesen ailəsi istintaq prosesinin davam etdirilməsini arzulayır. O hesab edir ki, DNT analizindəki fərqliliklər təqsirləndirilən şəxsin hadisə yerində olmamasını birmənalı şəkildə sübut etmir.