Xaricdən onlayın alış-veriş saytından məhsul sifariş verən vətəndaş bağlamasının ona çatanadək açıldığını iddia edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Vətəndaş bildirib ki, bağlama gömrük əməkdaşları tərəfindən açılıb və içərisində olan kamera götürülüb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, malların gömrük orqanları tərəfindən açılması ilə bağlı iddia həqiqəti əks etdirmir:
"Gömrük orqanları mal və nəqliyyat vasitələrinə xüsusi rentgen qurğuları vasitəsilə baxış keçirirlər. Bu zaman hər hansı təhlükəli və ya şübhəli hal aşkar edildikdə, mallar gömrük əməkdaşları tərəfindən deyil, daşıyıcı şirkətin nümayəndəsinin iştirakı ilə açılaraq yoxlanılır. Yoxlama başa çatdıqdan sonra mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən yığılır və vətəndaşa təhvil verilir".