Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya sularının küçəyə axması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Bildirilib ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. İddialara görə, kanalizasiya suları yolun hərəkət hissəsinə axır, nəticədə ərazini kəskin üfunət bürüyüb.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində baş vermiş tutulma ötən gün aradan qaldırılıb:
"Xüsusilə qeyd edirik ki, tullantı su şəbəkəsinə və kanalizasiya quyularına müxtəlif növ məişət tullantılarının atılması nəticəsində mütəmadi olaraq tutulmalar yaranır. Bu kimi halların qarşısının alınması məqsədilə sakinlərdən xahiş olunur ki, şəbəkəyə tullantı sudan başqa hər hansı əşya, o cümlədən salfet, qida qalıqları və digər məişət tullantıları atmasınlar".