Yeni Yasamal yaşayış massivinin sakinləri yaşadıqları binanın yaxınlığından keçən magistral su kəmərlərinin yaratdığı səs-küy və vibrasiyadan narazıdırlar.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Müraciətdə bildirilir ki, 16 mərtəbəli yaşayış binasının cəmi on metrliyindən iki magistral su kəməri keçir.
"Kəmərlərdən gələn güclü səs və vibrasiya gündəlik həyatımızı çətinləşdirib. Xüsusilə gecə saatlarında ətraf səssiz olduğundan səs daha da güclü hiss olunur. Bu səbəbdən normal istirahət etmək mümkün deyil. Davamlı səs-küy və vibrasiya həm böyüklərin, həm də uşaqların yuxu rejiminə mənfi təsir göstərir", - deyə şikayətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə Bakı Sukanal İdarəsinin istismarında olan 500 mm və 800 mm diametrli Xarici Dairəvi magistral su kəmərləri üzərində quraşdırılmış havaburaxıcı qurğular yerləşir.
"Həmin havaburaxıcılar magistral su kəmərlərinin layihə üzrə müəyyən edilmiş ən yüksək nöqtələrində quraşdırılıb. Havaburaxıcıların götürülməsi və ya yerinin dəyişdirilməsi magistral su kəmərlərində hava tıxaclarının yaranmasına, nəticədə istehlakçıların su təminatında fasilə və çətinliklərin yaranmasına, həmçinin kəmərlərdə mütəmadi qəzaların baş verməsinə səbəb ola bilər. Bu baxımdan, havaburaxıcıların hazırkı yerləşmə yeri texniki baxımdan ən uyğun hesab olunur. Əlavə olaraq bildiririk ki, havaburaxıcılar magistral su kəmərlərində toplanan havanın xaric edilməsi məqsədilə gündə iki dəfə - səhər və axşam saatlarında təxminən 15-20 dəqiqə müddətində işə salınır", - deyə məlumatda vurğulanıb.