Oktyabrın 5-də Bakıda şagirdin sinif yoldaşını bıçaqlayaraq öldürməsi məktəblilər arasında zorakılıq və cinayət hallarının baş vermə səbəblərini bir daha gündəmə gətirib. Cəmiyyətdə baş verən bu ağır hadisə yeniyetmələrin psixoloji durumunu, onların aqressiv davranışlarının formalaşmasına təsir edən amilləri və uşaqların zorakılığa hansı şəraitdə meyil etdiyini müzakirə mövzusuna çevirib.
Valideyn nəzarətinin və qayğısının yetərsiz olması, sosial mühit, aqressiya və bəzi azyaşlıların kriminal davranışlara yönlənməsi bu hadisələrdə hansı rol oynayır? Cəzanın sərtləşdirilməsi problemin həllinə kömək edə bilərmi, yoxsa əsas diqqət uşaqlarda düzgün psixoloji və sosial mühitin formalaşdırılmasına istiqamətlənməlidir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov qeyd edib ki, yeniyetmələr arasında zorakılıq bir səbəbdən yaranmır.

Onun sözlərinə görə, burada fərdi xüsusiyyətlər, ailədaxili münasibətlər, məktəb mühiti və həmyaşıdların təsiri birlikdə nəzərdən keçirilməlidir:
"Emosiyaları idarə etməkdə çətinlik, impulsivlik, zorakılığa məruz qalmaq və ya şahid olmaq, davamlı alçaldılma, həmyaşıd təzyiqi, aqressiyanı nüfuz qazanmaq vasitəsi kimi qəbul etmək riski artıra bilər. Amma bu amillərdən birinin mövcudluğu uşağın mütləq zorakılıq törədəcəyi anlamına gəlmir.
Yeniyetməlikdə qəbul olunmaq, özünü təsdiqləmək və müəyyən qrupa aid olmaq ehtiyacı güclənir. Bəzi yeniyetmələr gücü qorxu yaratmaqla, hörməti isə başqalarını özünə tabe etməklə qarışdırırlar. Belə mühitdə adi mübahisə "geri çəkilsəm, zəif görünərəm" düşüncəsi ilə təhlükəli qarşıdurmaya çevrilə bilər. Uşağa erkən yaşdan öyrətməliyik ki, münaqişədən uzaqlaşmaq zəiflik deyil, öz davranışına nəzarət etmək bacarığıdır".
Valideyn diqqəti və qayğısının rolu
Psixoloq bildirib ki, valideyn diqqətsizliyi və qayğı əskikliyi də bu prosesdə rol oynaya bilər:
"Lakin bütün məsuliyyəti valideynin üzərinə qoymaq məsələnin mahiyyətini daraldar. Diqqət yalnız uşağın geyimini, qidasını və dərslərini təmin etmək demək deyil. Onun kimlə dostluq etdiyini, nədən narahat olduğunu, məktəbdə özünü təhlükəsiz hiss edib-etmədiyini bilmək də qayğının bir hissəsidir. "Dərslərin necədir?"lə yanaşı, "bu gün səni nə incitdi?" sualı da vacibdir. Uşaq yaşadığı çətinliyi danışanda dərhal danlanacağını və ya alçaldılacağını düşünürsə, problemini gizlədə bilər".
Məktəb psixoloqunun rolu

O əlavə edib ki, "uşaqlar niyə kriminal aləmə meyil edirlər" sualına da bütün yeniyetmələri əhatə edən hökm kimi yanaşmamalıyıq:
"Bəzi uşaqlar üçün kriminal obrazlar güc, müdafiə və asan nüfuz vədi yaradır. Real həyatda sağlam münasibət və özünü təsdiqləmək imkanı tapa bilməyən yeniyetmə belə obrazlara daha həssas ola bilər. Sosial şəbəkələrdə zorakılığın qəhrəmanlıq kimi təqdim edilməsi bu təsiri gücləndirə bilər. Ancaq hər hadisəni telefonla və ya sosial şəbəkə ilə izah etmək də düzgün deyil: uşağın ailədə, məktəbdə və dost çevrəsində gördüyü davranış nümunələri nəzərə alınmalıdır.
Məktəbdə psixoloji xidmətin gücü hadisədən sonra verilən rəylə deyil, hadisədən əvvəl göstərilən dəstəklə ölçülməlidir. Psixoloqun işi yalnız test keçirmək və hesabat hazırlamaqla məhdudlaşmamalıdır. Şagirdin rahat müraciət edə bildiyi, təhdid və zorakılıq məlumatının vaxtında qiymətləndirildiyi sistem olmalıdır. Müəllim, valideyn və məktəb psixoloqu arasında əlaqə qurulmalı, uşaqlara emosiyaları tanımaq, qəzəbi idarə etmək və münaqişəni təhlükəsiz həll etmək bacarıqları öyrədilməlidir. Təkrarlanan hədələr, fiziki qarşıdurmalar və təhlükəli əşya gəzdirmək "uşaqdır, keçib gedər" deyərək diqqətdən kənarda qalmamalıdır. Eyni zamanda, qapalı və ya əsəbi görünən hər uşağa "potensial cinayətkar" damğası vurmaq olmaz. Konkret davranış qiymətləndirilməli, ehtiyaca uyğun dəstək göstərilməli, real təhlükə olduqda isə təhlükəsizlik tədbirləri dərhal görülməlidir".

O vurğulayıb ki, cəzanın sərtləşdirilməsində hüquqi məsuliyyət vacibdir:
"Lakin cəza qorxusu uşağa emosiyalarını idarə etməyi öyrətmir. Yeniyetmənin məsuliyyəti anlaması ilə yanaşı, gərgin vəziyyətdə necə davranacağını bilməsi də lazımdır. Ailədə və məktəbdə aydın qaydalar, ardıcıl münasibət və davranışın nəticəsini anlamaq vacibdir. Bunlar alçaltma və fiziki cəza ilə qarışdırılmamalıdır. Yalnız cəzanı ağırlaşdırmaqla ailədaxili zorakılığı, məktəbdə təqibi və təhlükəli qrup təsirini aradan qaldırmaq mümkün deyil. Hadisədən sonra həmin məktəbin şagirdlərinə, müəllimlərinə və zərərçəkmiş ailəyə psixoloji dəstək də təşkil edilməlidir. Media isə azyaşlıların kimliyini və faciənin təfərrüatlarını yayarkən həssas davranmalı, zorakılıq törədən şəxsi qəhrəmanlaşdıran təqdimatdan çəkinməlidir.
Hesab edirəm ki, uşaqların təhlükəsizliyi davamlı və nəticəsi qiymətləndirilən profilaktik iş tələb edir. Ailə, məktəb və aidiyyəti qurumlar arasında işlək əməkdaşlıq qurulmalıdır. Əsas məqsədimiz uşağın kömək istəyə bildiyi, böyüklərin onu eşitdiyi və təhlükəli davranışa vaxtında müdaxilə olunduğu mühit yaratmaqdır".