Ermənistan Baş Prokurorluğu parlamentdə bir neçə gün əvvəl baş verən kütləvi dava ilə bağlı cinayət işi qaldırıb.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı məlumatı təsdiqləyib.
Məlumata görə, cinayət işi bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq və siyasi xadimlərə qarşı onların xidməti fəaliyyətlərinə müdaxilə etmək məqsədilə zorakılıq ittihamları üzrə açılıb.
Xatırladaq ki, oktyabrın 29-da Ermənistan parlamentində hakim partiyanın və müxalifət fraksiyasının deputatları arasında kütləvi dava baş verib. Onlarla deputat davaya qarışıb, bundan sonra spiker Ruben Rubinyan iclası dayandırıb, lakin dava parlamentin kuluarlarında da davam edib.