“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsində “Arsenal”la baş tutmuş matçdan (0:3) danışıb.
Oxu.Az xəbər verir ki, Gözəl “Qarabağ”ın yaxşı oynadığını bildirib:
“Hesab edirəm ki, “Qarabağ” Azərbaycana layiq oyun oynadı. Nəticə oyunun keyfiyyətini əks etdirmədi. Məncə, möhtəşəm oynadıq. “Qarabağ” bütün dünyanın və İngiltərədən gələn azarkeşlərin hörmətini qazandı. Düzdür, nəticə istədiyimiz kimi olmadı. Rəqibimiz dünyaca məşhur, çox güclü komanda idi. Biz Qarabağın adını İngiltərəyə və bütün dünyaya eşitdirmək istəyirdik ki, bunu da bacardıq. Bu möhtəşəm stadionda dünyanın ən nəhəng klublarını qəbul edirik. Bu, bizim üçün xoş haldır.
Bu oyun çox önəmli idi. Tarixi qarşılaşma idi. Hesab edirəm ki, bu oyun heç vaxt unudulmayacaq. Xüsusən də ilk hissə çox möhtəşəm idi”.
Daha sonra Tahir gözəl komandaya əlavə sponsorların olmamasından şikayətlənib:
“Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Demək olar ki, komandanın media gəlirləri yoxdur. Azarkeşlərimizin əksəriyyəti məcburi köçkünlər olduğu üçün bilet gəlirlərimiz elə də çox deyil. Biz bu gün büdcələri bizdən qat-qat çox olan klublarla mübarizə aparırıq. Hədəfimiz bütün güclü komandalara qalib gəlmək deyil, eyni zamanda, Qarabağ adını bütün dünyaya çatdırmaqdır. İtaliyanın “İnter” klubu ilə oyunda bizə qarşı olan haqsızlığa hətta İtaliya mediası belə biganə qalmamışdı. Onlar da bizə haqsızlıq edildiyini düşünürdülər”.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər