13 
Apr
2019
10:30
110
29
2864
Virtual karabakh

Heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirildi - FOTO/VİDEO

13 Apr, 2019
10:30
2864

Heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Əməkdar rəssam, heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirilib.

Tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilib.

Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olub. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. Əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.

Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst  və barelyeflərini işləyib.

Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeydə), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.

Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. 

Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olub (barelyefin uzunluğu 82 sm, eni 59 sm).

M.Rzayeva 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərib.

Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb. 

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri