Bu gün Bakıda Müasir İncəsənət Muzeyində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirin məqsədi SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrin yaradıcılıq nailiyyətlərinin nümayişini həyata keçirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə qazanılan uğurlarla tanış etməkdir.
Açılış mərasimində dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbər şəxsləri və əməkdaşları, incəsənət nümayəndələri, rəssamlar və digər qonaqlar iştirak ediblər.
Festivalda Azərbaycan Rəssamlıq Akademiyası (AzRA) SABAH qrupları tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, eləcə də dizayn işləri təqdim edilib.
Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH tələbələrinin ifasında "Rəssam, sevgilimin şəklini gəl çək" adlı bədii kompozisiya təqdim olunub.
Daha sonra Azərbaycan Rəssamlıq Akademiyası SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib. Dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub. Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.
Qeyd edək ki, AzRA SABAH tələbələrinin əl işlərindən ibarət sərgi 2-3 iyul tarixlərində də Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.