30 
Mar
2022
18:52
259
70
6066
Virtual karabakh

Sevilən sənətkar Elmira Rəhimova: “Hindistan prezidentinin oğlu mənə evlilik təklifi edib” - MÜSAHİBƏ + FOTO

30 Mar, 2022
18:52
6066

Sevilən sənətkar Elmira Rəhimova: “Hindistan prezidentinin oğlu mənə evlilik təklifi edib” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, sevilən sənətkar Elmira Rəhimova uzun fasilədən sonra medianın suallarını cavablandırıb.

Moderator.az-ın Elmira Rəhimova ilə müsahibəsini təqdim edirik:

- Elmira xanım daim evdədir. Gününüz necə keçir?

- Nəvələrim Elmira və Tofiq evdədirlər, bütün gün onlarla ünsiyyətdə oluram. Biri mənim, oğlan nəvəm isə həyat yoldaşım Tofiqin adını daşıyır.

- Deyirlər ki, sənətçilər ev işlərində, biş-düşdə o qədər də təcrübəli deyillər. Bəs Elmira xanım necə?

- Nə qədər ki nənəm, anam sağ idi, yeməkləri onlar hazırlayırdılar. Onlardan sonra da özüm hazırlamışam. İndi mənim bildiyim yeməklər də yadımdan çıxıb. 

- İfa etdiyiniz musiqi əsərlərini zaman-zaman digər sənətçilərimiz də oxuyublar. Amma heç birində sizin oxuduğunuz kimi gözəl alınmayıb. Mənə elə gəlir ki, Elmira xanım həmin əsərlərə öz səmimiyyətini qatıb.

- Musiqi, mahnı gərək insanın ürəyindən gəlsin. Əgər ürəkdə varsa, gələcək, yoxdursa, olmayacaq. Bəstəkar yanımda mahnını ifa edib, demişəm ki, olarmı bu hissəsini belə edək? Deyib ki, Elmira xanım, xətriniz necə istəyir, elə də edin. Hər zaman böyük bəstəkarlarla çalışmışam. Heç biri mənə deməyib ki, mahnını belə oxu! Özüm necə hiss etmişəmsə, elə də oxumuşam.

Baxmayaraq ki, anam başqa sahədə idi, amma çox gözəl səsi vardı. Mən özüm də muğam sinfini bitirmişəm, Seyid Şuşinskinin tələbəsi olmuşam. Sadəcə olaraq muğamları ifa edib, yazdıra bilməmişəm. Çünki hər dəfə qastrol səfərlərində olurdum, buna vaxt etmirdim. Tək “Mirzəhüseyn segahı”nı lentə aldırmışam. İndi xəstəlik bir çox şeyi əlimdən alıb. Mahnılarımın çoxu yadımdan çıxıb, yalnız onları eşidəndə yadıma düşür.

- Elmira xanım, siz həm də Hindistanın musiqi tarixinə düşmüsünüz. İstərdim Hindistanla bağlı olan xatirələrinizi bizimlə bölüşəsiniz.

- 50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınırdım. Hindistanın baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib, bir müddət Hindistanda yaşamışam. Bir sözlə, 1957-ci ildə Hindistana gedib, 1961-ci ildə qayıtmışam. Orada öncə universitet, daha sonra isə akademiya bitirmişəm. Üç il Hindistan prezidentinin sarayında prezidentin şəxsi qonağı kimi qalıb, yaşamışam. Hindistana oxumağa getmişdim, hətta orada mənə prezidentin oğlu elçi də düşmüşdü. Əvvəlcə elə bildim ki, məni sınamaq üçün belə deyirlər, onlara dedim ki, buraya oxumağa gəlmişəm, ərə getməyə yox. Hind xalqına olan sevgim hind filmlərindən sonra yaranmışdı, dəlicəsinə sevirdim o xalqı.

- Elmira xanım bu gün kimləri dinləyir?

- Mən hər zaman Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovanı dinləmişəm. Bu gün də onları dinləyirəm. Cavanların da mahnılarını dinləyirəm, amma adları yadımdan çıxıb.

- Bəs öz mahnılarınızı necə, dinləyirsiniz?

- Bəli, dinləyirəm. Heç vaxt özümdən razı qalmamışam, bu gün də həmin mahnıları dinləyib bir “mız” qoyuram. Deyirəm ki, vay, gərək bu yerini belə oxuyardım. Necə olub ki, bunu belə oxumuşam? Daha da yaxşı oxuya bilərdim.

- Elmira xanım toya gedib?

- O qədər pullar töküblər qabağıma, bir dəfə də olsun pulla toya getməmişəm. Sırf qohum-əqrəba toylarında iştirak etmişəm. Hamı xasiyyətimi bilirdi. Bəzi hallarda pula ehtiyacım da olurdu, amma getmirdim.

- Sizcə, sənətkar pulla toya getməlidir?

- Əlbəttə ki, getməlidir. Zəmanə çətindir, bəs müğənni ailəsini necə dolandırmalıdır? Amma müğənni toyda özünü sanballı, təmiz insan kimi aparmalıdır. Müğənni olanda nə olar ki? Bizim qadınlarımız hər zaman namuslu, qeyrətli olublar.

- Elmira xanım bu gün efirlərə çıxmır, heç bir media orqanına müsahibə vermir. Bu, tək səhhətinizlə əlaqədardır?

- 2005-ci ildən etibarən, televiziyalarımız şou-biznesə keçəndən sonra efirlərdən imtina etdim. Çünki mən şou-biznes insanı deyiləm. Hər zaman mədəniyyəti təbliğ etmişəm. İstəyirəm ki, insanların yaddaşında o illərdəki Elmira Rəhimova kimi qalım. Mən elə yaşamışam ki, istəməmişəm ki, adım heç vaxt pis bir şeydə hallansın. Ona görə heç toya da getməmişəm.

- Bir müddət öncə ölüm xəbərinizi də yaymışdılar. Bu kimi xəbərlərə reaksiyanız necə olur?

- Bütün bunların hamısını edənlər sırf reytinq axtarışında olan media orqanlarıdır. Ölüm haqdır və nə vaxtsa mənim üçün də var. Heç kim bundan qaça bilməz! İnsan yaşayır, yaradır və dünyadan köçür. Müğənninin, təbii ki, mahnıları, aktyorun rolları yaddaşlarda qalır. İlyarım bizim evə gələn telefon zənglərində oğlum Ananda başsağlığı verirdilər. Deyirdilər ki, xəbərin yoxdur, anan rəhmətə gedib? (gülür). Bu kimi xəbərlərə, təbii ki, üzülürəm, amma nə etmək olar? Çox istərdim ki, jurnalistlər bu cür mövzulara həssaslıqla yanaşsınlar.

- Gənc müğənnilərə tövsiyəniz nə ola bilər?

- Tərbiyə çox gözəl şeydir. Gənc müğənnilərə demək istəyirəm ki, seçdikləri sahə ilə ciddi məşğul olsunlar, özlərini yüngülləşdirməsinlər.

- Ən böyük arzunuz, istəyiniz nədir?

- Xalqımızı, millətimizi çox istəyirəm. Onun qarşısında baş əyirəm. Dünyanı gəzmişəm, bir çox millətlər görmüşəm, amma öz xalqımın insanları qədər istiqanlı millət görməmişəm. Vallah, bu mövzuda danışıram, tüklərim biz-biz durur. Başqa adam olsaydı, bəlkə də əcnəbi xalqın prezidentinin oğluna ərə gedərdi, amma mən getmədim.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri