Turanə Hüseynli yazır...
İnsanın bir vaxtlar sevərək başladığı işinin həyəcanını zaman keçdikcə itirməsinin nəticələrini "qəribə" formada bizə danışan bir film təqdimatı ilə gəldim.
Filmin açıqlamasında qorxu komediyası yazılsa da, film nümayiş olunduqdan sonra tənqidçilərin əksəriyyəti onun janrını müəyyənləşdirməkdə çətinlik çəkmişdi.
Kimisi onu qara komediya, kimisi psixoloji triller, bəziləri isə ümumiyyətlə qorxu filmi hesab etsə də, əslində, 2022-ci ildə ekranlara çıxan "The Menu" həm bunların hamısından bir az, həm də onların heç biri deyildi. Eynən bir yemək kimi: içində nə olduğuna ilk baxışdan əmin olsan da, dadında sənə qeyri-müəyyən gələn bir çox tamlar alacaqsan.
Əvvəldən qeyd etməliyəm ki, bu film sizi qorxutmayacaq, amma sizi kifayət qədər narahat edəcək. Çünki ekranda görəcəyiniz insanların çoxunu gündəlik həyatda və ya sosial şəbəkələrdən tanıyırsınız. Bəlkə də onların bəzilərində özünüzü də görə bilərsiniz.
Filmin rejissoru Mark Maylodu daha çox "Succession" serialındakı rejissor işi ilə tanıyırıq. Hakimiyyət, eqo, siniflərarası fərqləri və insan münasibətlərini soyuqqanlı şəkildə göstərmək bacarığını, demək olar ki, bu filmdə də eyni ustalıqla davam etdirib.
Filmin müəllifləri Set Reyss və Uill Tresinin qələmini yaxşı tanıyanlar bilirlər ki, onların yumoru heç vaxt sadəcə güldürmək məqsədi daşımayıb. Yazdıqları səhnələrdəki yumorun arxasında hər zaman narahatedici və hər kəsin anlaya bilməyəcəyi incə bir həqiqət gizlənir.
Baş rollardan birini ifa edən Ralf Fayns bu filmdə dünyaca məşhur aşpaz "Culian Slouik" obrazını canlandırır. Anya Teylor-Coy filmin bütün balansını dəyişən "Marqo", Nikolas Holt isə yeməyi ibadət kimi qəbul edən "Tayleri" obrazına həyat verir.
Ultravarlıları tənqid edən və ağlasığmaz sərvətin insanlarda necə doyumsuzluq yaratdığını göstərən başqa filmlərlə bərabər, "The Menu" filmi də bizə bilmədiyimiz bir şeyi göstərmir. Ancaq bütün bunlara baxmayaraq, "The Menu" dialoqları, vizualı, aktyor oyunu və musiqiləri ilə birlikdə dadlı şam yeməyi yemək qədər ləzzət verən bir ekran işidir.
Hekayə bizi okeanın ortasında yerləşən, yalnız seçilmiş insanların gedə bildiyi "Hawthorn" restoranına aparır. Burada hər axşam cəmi bir neçə qonaq qəbul edilir. Hər kəs aylarla növbə gözləyir, minlərlə dollar ödəyir və dünyanın ən məşhur aşpazlarından biri hesab olunan "Culian Slouik"in hazırladığı menyunu dadmaq üçün həmin adaya gəlir. Hər biri filmin bir qəhrəmanına çevriləcək budəfəki qonaqlar şahid olacaqları tamaşadan bixəbər şəkildə qastronomik zövq üçün adaya səyahət edir. Filmin irəliləyən dəqiqələrində restorandakı hər masanın cəmiyyətin müəyyən bir təbəqəsini təmsil etdiyi, aşpazın məhz hansı səbəblə bu insanları bir araya topladığı və sillə kimi sərt mesajlarla dolu bir hekayəyə şahidlik edəcəksiniz.
Kimisi, sadəcə, ac olduğu üçün yeyir, kimisi dad almaq üçün, kimisi bahalı olduğu üçün, kimisi isə başqalarına bunu göstərə bilmək üçün. "The Menu" məhz bu fərqlərin üzərində qurulub.
"National Board of Review" tərəfindən ilin ən yaxşı on filmindən biri olaraq seçilən, bir sıra beynəlxalq mükafat və nominasiyalar qazanan bu filmdə tənqidçilər, xüsusilə Ralf Faynsın performansını, ssenarinin satirik dilini və filmin sosial mesajını yüksək qiymətləndirirlər.
Amma məncə, filmin uğurunun əsas səbəbi nə aktyor oyunu, nə də gərgin atmosferidir. Əsas səbəb "The Menu" filminin ilk baxışda izləyicidə yemək haqqında danışacağına dair təəssürat yaradıb, filmin gedişatında insanın zamanla öz ruhunu necə istehlak etməsi və bunun yarada biləcəyi fəsadlar haqqında yüksək zövqlə danışmasıdır.
İngilis tənqidçilərdən biri yazırdı ki, "The Menu" yemək mədəniyyətini yox, istehlak etməyi həyat tərzinə çevirən insanı tənqid edir. Bu film dörd il əvvəl tamaşaçıların qarşısına çıxsa da, günümüzdə hələ də gerçək olan bir sualı doğurur: doğrudanmı hələ də zövq almağı bacarırıq, yoxsa artıq hər şeyi, sadəcə, tükədirik?