Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.
"Qərbi Azərbaycanın yaddaş məkanları" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş məkanları" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Oxu.Az xəbər verir ki, layihə çərçivəsində növbəti material Qərbi Azərbaycanın Əbilkənd bölgəsi haqqında olacaq.
Rusiya imperiyası mənbələrində kənd Əbilkənd adı ilə qeyd olunub. 1946-cı ilin aprelində kənd Bulaxlı, 1960-cı illərin əvvəllərində isə Kalinin qəsəbəsi adlandırılıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Noramarq olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Ararat vilayətinin tərkibindədir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Zəngibasar mahalının tərkibində olub. 1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.

1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Əbilkənd kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 85 nəfər yaşayıb.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 183 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 222 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 234 nəfər yaşayıb.
1909-cu ilə olan Qafqaz təqvimi:
1906-cı ildə kənddə 256 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 256 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 272 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 376 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
20 oktyabr 1919-cu ildə Əbilkənd kəndinin sakinləri AXC hökumətinə daşnakların müsəlman əhaliyə divan tutmaları haqda məlumat verdikləri məktubla müraciət edərək, onları öz himayələrinə qəbul etmələrini və təbəəlik vermələrini xahiş ediblər.
Etnik təmizləmənin nəticələri kəndin dağıdıldığını göstərən 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarında öz əksini tapıb.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bundan sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.

Kənd müxtəlif vaxtlarda Kəmərli və Zəngibasar (sonradan müvafiq olaraq Artaşat və Masis) rayonlarının tərkiblərinə daxil olub.
Sovet dövründə ləğv edilmiş Reyhanlı, Seyidkənd və Qulucan azərbaycanlı kəndlərinin əraziləri Əbilkəndin tərkibinə daxil olub.
Erməni mənbələrinin məlumatına əsasən, kənddə 1980-ci illərin sonlarına qədər azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə 40 nəfər yaşayıb, onlardan 36 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 75 nəfər yaşayıb.
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə Əbilkənd kəndi sakinlərinin bir hissəsi zorla Azərbaycan ərazisinə köçürülüb.

Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 413 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan S.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə qəsəbədə 741 nəfər yaşayıb.
1979-cu ildə qəsəbədə 1690 nəfər yaşayıb.
Sovet dövründə xaricdən ermənilərin Ermənistana mütəşəkkil köçürülməsi həyata keçirilib. Bunu kəndin keçmiş sakinləri də təsdiqləyirlər.
1965-ci ildə Əbilkənd kəndində anadan olmuş və 1988-ci ilin noyabr ayına qədər orada yaşamış Sulduz Xəlilov xatırlayır: "Masisdə əhalinin 38%-i erməni, qalanları azərbaycanlı idi. O vaxt bizə deyirdilər ki, qanunla katib azərbaycanlı olmalıdır. Sonra Livandan, başqa haradansa erməniləri topladılar və Masisə gətirdilər… 1982-1983-cü illərdə, onlar əksəriyyət təşkil etsinlər deyə".
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

Sulduz Xəlilov: "Beləliklə, 1988-ci ildə hamımız qovulduq… Onlar açıq şəkildə bizə "çıxın" deyirdilər. Son iki ayda [sentyabr-oktyabr 1988] kəndə gecələr basqınlar edirdilər. Bizə görə konkret olaraq heç kim məsuliyyət daşımırdı. Qoşunlar ya buraxıldı, ya da başqa bir şey, amma vəziyyət silahlı basqınlara qədər gəlib çatırdı".
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı Əbilkənd kəndində onlarla dağıdılmış qəbirüstü abidələrin qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 30 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, Böyük Sovet Ensiklopediyası, "The Scotsman", Richard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Əbilkəndlə bağlı 93 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.