Avq
2022
11:50
177
43
12162
Virtual karabakh

Pənahəli xanın İspaniyada yaşayan varisi: Usubov atasının toyuna hansı hədiyyəni gətirib? - MÜSAHİBƏ + FOTO

3 Avq, 2022
11:50
12162

Pənahəli xanın İspaniyada yaşayan varisi: Usubov atasının toyuna hansı hədiyyəni gətirib? - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bəli, Pənahəli xanın iki övladı olub, İbrahimxəlil xan və Mehrəli bəy. Biz Mehrəli bəyin nəslindənik”.

Bu sözləri Qarabağ xanı Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərov Teleqraf.com-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Məhəmmədəli bəy, İspaniyaya nə vaxt köçmüsünüz?

- Mən İspaniyanın Qranada şəhərində anadan olmuşam. Sonra valideynlərim İspaniyanın paytaxtı Madridə köçüb və orada orta məktəbə getmişəm. Hazırda İspaniyada Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alıram. Üçüncü kurs tələbəsiyəm. Həftəsonları oteldə işləyirəm. Boş vaxtlarımda idmanla məşğul olmağı, kitab oxumağı, rəsm çəkməyi, piano çalmağı sevirəm. Piano çalmaqda çox bacarıqlı deyiləm, amma çalışıram.

- Necə bir ailədə dünyaya gəlmisiniz? Valideynləriniz haqda məlumat verə bilərsinizmi?

- Atam İspaniya Krallığında səfirlikdə diplomat, hərbi attaşe köməkçisi kimi fəaliyyət göstərib. Sonra geri çağırılıb və Avstriyaya dəvət edilib. Orada da iki il hərbi attaşenin birinci müavini olub.

İspaniya kralı VI Flipp arada bir hərbi attaşeləri tədbirlərə dəvət edirdi və onlarla görüş keçirirmiş. Atam kralın tədbirlərində iştirak edirmiş.

Anam evdar qadındır. Ailədə dörd uşağıq. Böyük bacım kompüter mühəndisliyi ixtisası, Məryəm hüquq fakültəsi, kiçik bacım Zeynəb isə 10-cu sinifdə oxuyur. Üçüncü və dördüncü sinifləri Azərbaycanda oxumuşam. O zaman nənəm xəstələnmişdi və ona görə buraya gəlmişdik.

- Azərbaycana tez-tez gəlirsiniz?

- Bəli, demək olar ki, hər yay Bakıya gəlirik. Amma son bir neçə ildə dərs və işə görə gələ bilmirdik. Azərbaycana gəlişimin səbəbi ailə üzvlərim olub.

- İspaniyada Azərbaycan adına nələr edirsiniz?

- Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan adına təşkil edilən bütün tədbirlərdə iştirak edirəm.

- Ailənizdə Azərbaycan dili, yoxsa ispan dilində danışırsınız?

- Ailəmizdə daha çox Azərbaycan dilində... Arada ispan dilində də danışırıq. Atam rus, ispan, ərəb dillərini mükəmməl bilir.

- Bəs siz neçə dil bilirsiniz?

- Mən Azərbaycan, ingilis və ispan dillərini bilirəm. Bəzi azərbaycanlıları tanıyıram ki, İspaniyada doğulublar, Azərbaycan dilini yaxşı bilmirlər. Evdə rus və ispan dilində danışırlar. Mənim valideynlərim çalışırlar ki, ana dilimizi itirməyək. Həmişə evimizdə ana dilimiz səslənsin.

- Siz Qarabağ xanı Pənahəli xanın nəslindənsiniz. Bununla bağlı sənədləriniz də var...

- Bəli, Pənahəli xanın iki övladı olub, İbrahimxəlil xan və Mehrəli bəy. Biz Mehrəli bəyin nəslindənik. Bizdə olan məlumata görə, Mehrəli bəyin nəvəsi və kötücəsinin adı da Mehrəli olub. İkinci Mehrəlinin dörd övladı olub. Məşədi Fərman, Bahadur, Qamboy və Qulam. Qulam atamın doğma babasıdır. Səhv etmirəmsə, dörd qardaşdan ikisi Mehrəliyev soyadını daşıyır. Qulam babam isə Əkbərov soyadını götürüb. Çünki İkinci Mehrəlinin atasının adı Əli Əkbər olub.

Bahadur, Məşədi Fərman, Qamboy və Qulamın atası Mehrəli kişi Şuşanın axırıncı məhəlləsi Çuxurda yaşayıb və orada dəriçiliklə məşğul olub. Qulam babam isə sovet hakimiyyəti qurulanda xanlara qarşı mübarizə zamanı Ağdama köçməli olub. Ağdamda yeganə məktəbdə atamın babası Qulam həm müəllim, həm direktor kimi fəaliyyət göstərib. Orada cəmi bir məktəb olub.

- Qarabağ xanı Pənahəli xanın dövründən sizə nə qalıb?

- Atamın toy mərasimində Azərbaycanın keçmiş daxili işlər naziri Ramil Usubov da iştirak edib və atama hədiyyə olaraq bir sənəd bağışlayıb. O sənəddə təsdiq edilirdi ki, biz Mehrəli nəslindənik. O sənədi qoruyub saxlayırıq.

- Biz Qarabağ xanı Pənahəli xan haqda ancaq kitablardan oxuyuruq, onun fəaliyyəti, döyüşləri, qəhrəmanlığı və sair. Maraqlıdır ki, siz informasiyanı haradan əldə edirsiniz, ailə üzvlərinizdən, yoxsa tarix dərsliklərindən?

- Pənahəli xan haqda daha çox informasiyanı ailəmizdən eşidirik, xüsusi ilə atam bu haqda ailəmizdə çox danışır.

- Qarabağ xanı Pənahəli xanın nəslinin davamçısı kimi Şuşada nələrin bərpa edilməsini istəyərdiniz?

- Ermənilər tərəfindən dağıdılan tarixi abidələrin tam bərpa edilməsi, ümumilikdə Şuşanın yenidən qurulmasını istəyərdim. Azərbaycanın mədəniyyət incisi olan Şuşanın abadlaşdırılması və dünyaya daha gözəl tanıdılmasını arzulayıram.

- Ailə üzvlərinizdən kimsə Şuşaya gedibmi?

- Hazırda Şuşaya getmək çətindir. Amma onların da arzusudur ki, doğma torpaqlarımıza getsinlər. Şuşaya, dədə-baba torpaqlarına getmək onlara böyük sevinc bəxş edər. Şuşa haqda düşərgədə iştirak etdikdən sonra çoxlu xatirəm olacaq və ailəmə bu haqda danışacam.

- Gələcəkdə Şuşada yaşamaq istəyərdinizmi?

- Əlbəttə, istərdim, ora bizim doğma torpağımızdır.

- Şuşada Pənahəli xanla bağlı nəyin bərpa edilməsini istərdiniz?

- Pənahəli xanın adına ev muzeyinin tikilməsini istərdim. Bu bizim üçün sevindirici olar. Pənahəli xanın yaşadığı məkana baş çəkmək arzumdur. Şuşaya getmək mənə çox xoş təsir bağışlayacaq. Bundan başqa, Şuşada çoxlu şəkillər çəkdirəcəm və ailə üzvlərimə göstərəcəm. Əgər mümkün olsa, Şuşadan xatirə olaraq torpaq gətirəcəm. Cıdır düzündə olmağı səbirsizliklə gözləyirəm.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri