Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan "Bir", Böyük Britaniyada yerləşən qlobal ödəniş platforması "Paysend" ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda fərdi müştərilər üçün real vaxt rejimində (ani) beynəlxalq pul köçürmələrini istifadəyə verib.
Tərəfdaşlıq "Bir"in elektron pulqabı tətbiqi "m10" vasitəsilə həyata keçirilir və istifadəçilərə 140-dan çox ölkəyə birbaşa mobil telefonları üzərindən pul göndərmək imkanı yaradır.
Bu təşəbbüs "Bir"in sərhədlərarası ani ödəniş imkanlarını genişləndirərək beynəlxalq köçürmələri daha sürətli, şəffaf və rahat edir. Xidmət xüsusilə ölkədən kənarda yaşayan ailələrə pul göndərmək, xaricdəki xərclərini qarşılamaq və səyahət zamanı maliyyə əməliyyatlarını asanlaşdırmaq istəyən istifadəçilər üçün yeni imkanlar açır.
Xidmətin istifadəyə verilməsi Qafqazın əhalisinə görə ən böyük ölkəsi olan Azərbaycanın rəqəmsal xidmətlərə artan tələbi fonunda baş verir. İstehlakçılar getdikcə daha çox rəqəmsal ödənişlərə və e-ticarət həllərinə üstünlük verirlər.
"Azərbaycandakı istifadəçilər üçün beynəlxalq köçürmələr mühüm xidmət sahəsidir. "Paysend" ilə əməkdaşlıq çərçivəsində Bir-in sərhədlərarası ödəniş imkanlarını genişləndirərək, yerli əməliyyatların sürətini və sadəliyini beynəlxalq ödənişlərə daşıyırıq. Bu, Bir-in sürətlə böyüyən maliyyə ekosistemi kimi mövqeyini gücləndirir və Azərbaycanın rəqəmsal transformasiyasına töhfə verir, ölkənin Avropa və Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir. Daha sürətli, təhlükəsiz və inklüziv maliyyə əlaqələri daha inteqrasiya olunmuş regional rəqəmsal iqtisadiyyatın formalaşmasına xidmət edir", - deyə "Bir"in ödənişlər biznesi üzrə rəhbəri Cəlal Orucov bildirib.
"Müasir, bir-birinə bağlı iqtisadiyyatda uğurlu olmaq üçün bizneslərin etibarlı, çevik və qlobal ödəniş infrastrukturuna çıxışı vacibdir. Biz "Bir" ilə tərəfdaşlıqdan məmnunuq və 140-dan çox ölkə üzrə beynəlxalq ödəniş imkanlarının genişlənməsinə dəstək veririk. Birlikdə fərdi müştərilər üçün daha sürətli və rahat pul köçürmələrini təmin edərək qlobal maliyyə əlaqələrini gücləndiririk", - deyə "Paysend"in korporativ biznes rəhbəri Danny May isə qeyd edib.
Bir və "Paysend" tərəfdaşlığı istifadəçilərə sərhədlərarası pul köçürmələrini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verir. "Bir ekosistemi" hazırda Azərbaycanda beş milyondan çox istifadəçiyə xidmət göstərir və ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafına töhfə verir. "m10" vasitəsilə ani beynəlxalq köçürmələrin istifadəyə verilməsi "Bir ekosistemi"ndə aktivliyin daha da artmasına, həmçinin "Birbank" vasitəsilə gündəlik bank xidmətləri və "Birmarket" üzərindən onlayn alış-veriş kimi tamamlayıcı xidmətlərin istifadəsinin genişlənməsinə töhfə verəcəyi gözlənilir.
"Bir" haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda beş milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
"Paysend" haqqında
"Paysend" dünyanın ən böyük sərhədlərarası rəqəmsal şəbəkəsini qurmaq məqsədi daşıyan maliyyə texnologiyaları şirkətidir. Şirkət fərdi və korporativ müştərilər üçün sərhədlərarası pul köçürmələrini istənilən yerdə, istənilən valyutada və istənilən üsulla daha sürətli, daha ucuz və daha əlçatan etməyə fokuslanır.
2017-ci ildə kartdan-karta köçürmələrin tətbiqi ilə əsası qoyulan "Paysend", bu gün ənənəvi pul köçürmələrindən daha geniş imkanlar təqdim edən kompleks maliyyə həlləri təklif edir.
Qlobal fəaliyyət şəbəkəsinə malik, London, Belqrad, Dublin və Mayami şəhərlərində ofisləri yerləşən şirkət 170-dən çox ölkədə 11 milyondan artıq müştəriyə xidmət göstərir. Şirkət sərhədlərarası ödənişləri daha sadə və əlçatan etmək üçün 25 milyarddan çox ödəniş nöqtəsinə çıxış imkanı yaradır.
Ətraflı məlumat üçün: paysend.com