18 may 2024-cü il tarixində "Technest" təqaüd proqramı çərçivəsində "ICPC Azərbaycan" və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşkilatçılığı ilə "ICPC Azərbaycan"ın 20 illiyinə həsr olunmuş simpozium keçirilib.
ADA Universitetində baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ICPC Azərbaycan təşkilat komitəsinin nümayəndələri, tələbə komandalarının rəhbərləri, müxtəlif illərdə bu müsabiqələrdə Azərbaycanı təmsil etmiş məzunlar, o cümlədən xarici qonaqlar iştirak ediblər.
Simpoziumda açılış nitqi ilə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva proqramlaşdırma müsabiqələrinin rolunun ölkənin rəqəmsallaşmasında əhəmiyyətli yer tutduğunu qeyd edib: "Məqsədimiz istedadlı şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq, bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır. "ICPC Azərbaycan" çərçivəsində mövcud tədbirləri dəstəkləmək, o cümlədən gənc nəslin texnologiyanın öyrənilməsinə, istifadəsinə və inkişafına cəlb olunmasına kömək edəcək yeni müsabiqələr və təlimlər təşkil etmək də üzərində çalışdığımız çox önəmli və məsuliyyətli işlərdəndir".
Sonra "ICPC Tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəsi"nin Azərbaycan üzrə regional direktoru Etibar Seyidzadə çıxış edərək ICPC haqqında məlumat verib: "1977-ci ildən mütəmadi olaraq keçirilən müsabiqənin seçim mərhələlərində hər il dünyanın 100-dən çox ölkəsinin 3000-dən çox universitetindən (ən nüfuzlu ali təhsil müəssisələrindən olan) 50000-dən çox tələbə (16000-dən çox komanda) iştirak edir. Bunlardan 130-a yaxın komanda finala vəsiqə qazanır. Azərbaycan ali təhsil müəssisələrinin tələbə komandaları bu müsabiqədə 2000-ci ildən etibarən iştirak edir. 2005-ci ildən etibarən isə ICPC Azərbaycan regional müsabiqələri keçirilməkdədir. İlk dəfə olaraq ADA Universitetinin komandası bu il Misir Ərəb Respublikasının Luxsor şəhərində keçirilmiş "46-cı ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi"ndə Azərbaycanı təmsil edərək yüksək nəticə göstərib və fərqlənmə sertifikatına layiq görülüb".
Tədbirin davamında Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Vüsal Xəlilovun moderatorluğu ilə "ICPC hərəkatı, onun İT sənayesinə və ölkənin rəqəmsallaşmasına təsiri" mövzusunda birinci panel müzakirəsi aparılıb.
Məruzəçilər: "Factorial School" şirkətinin qurucu və baş direktoru Arman Suleimenov, "Alem School" şirkətinin qurucusu və baş direktoru Danabek Kaliazhdarov, "Harbour Space" Universitetinin baş direktor müavini Alexey Alexeyev, IOI (Beynalaxalq İnformatika Olimpiadası) Beynəlxalq komitənin üzvü Araz Yusubov, "Constructor" Universitetinin "İstedadlı tələbələrin qəbulu" şöbəsinin müdiri Olga Kornienko çıxışlarında ICPC hərəkatının və olimpiada iştirakçılarının İT sənayesinin inkişafında və ölkənin rəqəmsallaşmasında böyük rol oynadıqlarını vurğulayıblar.
Növbəti ikinci panel müzakirəsi ABB "Pərakəndə Kart Biznesi" rəhbəri Əfqan Abbasovun moderatorluğu ilə "Proqramlaşdırma müsabiqələri insanları hara aparır?" mövzunda aparılıb.
Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən, təhsil aldıqları illərdə ICPC iştirakçıları olmuş məruzəçilər: "Guavapay" şirkətinin texniki direktoru Cavid Mahmudzadə (İngiltərə), "Samsung", "R&D" şirkətinin baş mühəndisi Adil Əliyev (Kanada), İRİA sədrinin müşaviri Şahin Əliyev (Azərbaycan), IOMETE startapının təsisçi və baş direktoru Vüsal Dadalov (Hollandiya), Azərbaycan Mərkəzi Bankının müşaviri Sadiq Axundov (Azərbaycan) çıxışlarında İT mütəxəssisi kimi yetişmələrində və əldə etdikləri karyera nailiyyətlərində olimpiadaların müstəsna rolunu vurğulayıblar.
Simpozium zamanı ölkədə ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə ICPC Azərbaycan təşkilat komitəsini üzvləri, 5 ildən çox aktiv fəaliyyət göstərən komanda məşqçiləri, "Technest" təqaüd proqramı çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə həyata keçirilən "IDDA Cup - Bahar 2024" və "Bebras" olimpiadalarının qalibləri olimpiada və müsabiqələrin keçirilməsinə hər zaman dəstək olan "PASHA Holding" şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Rəylər