Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pensiya, müavinət və sosial yardım alanlara şad xəbər
Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə "Sosial tərəfdaş" layihəsinə qoşulan 300-dən çox şirkət 30 faizədək müxtəlif endirimlər təklif edir. Bu günədək həmin şəxslər tərəfdaş şirkətlərdən nağdsız qaydada, yəni kartla 700 mindən çox alış-veriş etməklə endirimlərdən faydalanıblar.
Sosial ödəniş alan şəxslərə dəstək məqsədi ilə həyata keçirilən bu layihə hazırda uğurla icra olunur. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan şəxslər layihəyə qoşulan tərəfdaş şirkətlərə aid mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə edib, alış-veriş zamanı hesabı sosial ödəniş kartı ilə ödədikdə onlara endirimlər tətbiq olunur. Bu endirimləri təklif edən şirkətlərin siyahısı ilə https://dsmf.gov.az/az/sosial-terefdas saytında tanış ola bilərsiniz
Sosial ödəniş alan şəxslərə endirimlər təklif edən şirkətlər arasında tanınmış tibb müəssisələri, apteklər, mağaza və restoranların adlarını görmək mümkündür.
Layihənin tərəfdaşı olan şirkətlərin ölkəmizin hər yerində satış məntəqələri fəaliyyət göstərir. Sosial ödəniş alan istənilən şəxs sosial ödəniş kartı ilə ödəniş etdikdə onlara endirimlər tətbiq olunur.
Məsələn, "Novco Group"a daxil olan uşaq geyimləri mağazalarından "OVS" və "Pablosky"nin adlarını çəkə bilərik. Bu partnyor mağazalardan alış-veriş zamanı hesabı sosial ödəniş kartı ilə ödəyən şəxslər endirimdən yararlana bilərlər.
Saytdakı "Sosial tərəfdaş" bölməsində yer alan siyahıdakı obyektlərdən hər hansı biri satışda olan istənilən məhsula özü endirim edibsə, kassada sosial ödəniş kartı ilə ödəniş edildikdə həmin endirimin üzərinə layihə çərçivəsində nəzərdə tutulmuş endirim də əlavə olunur. Məsələn, mağaza özü məhsulu 5 faiz endirimlə satırsa, ödəniş sosial ödəniş kartı ilə edildiyi təqdirdə əlavə 5 faiz endirim də tətbiq edilir. Sonda sosial ödəniş alan şəxs 10 faizlik endirim almış olur.
Sosial tərəfdaşlardan biri də "Həyat Aptek"dir. Bu ad altında fəaliyyət göstərən aptekdən dərman preparatları və tibbi ləvazimatları sosial ödəniş kartı ilə alan şəxslərə endirim edilir.
Bu endirimləri Dövlət Sosial Müdafiə Fondunun saytında "Sosial tərəfdaş" bölməsində yer alan, Bakı ilə yanaşı ölkəmizin istənilən bölgəsində fəaliyyət göstərən market, aptek, klinika və digər xidmət sahələri təklif edir.
"Sosial tərəfdaş" layihəsinin təqdim etdiyi endirimlərdən faydalanmaq istəyən sosial ödəniş alan şəxslər partnyor şirkətlərdə alış-veriş və xidmətlərdən istifadə etdikdən sonra hesabı mütləq sosial ödəniş kartı ilə ödəməlidir.
Layihənin partnyorlarından olan "Coffemania"da fərqli bir gün keçirib hesabı sosial ödəniş kartı ilə ödəyən şəxsləri də endirimlər gözləyir.
Bunun üçün kafe, restoran, yaxud mağazanın hər hansı bir əməkdaşından endirimin edilib-edilməyəcəyini soruşmağa ehtiyac yoxdur. Çünki sosial ödəniş kartı kassada pos terminala yaxınlaşdırıldıqda avtomatik olaraq endirim tətbiq edilir.
"Gavali - Nuts&Delights Group"a daxil olan mağazalardan quru meyvə, çərəz, lokum və müxtəlif çeşiddə təamlar alıb ödənişi sosial ödəniş kartı ilə etdikdə endirim olunur.
Ailə üzvlərindən istənilən şəxs sosial ödəniş kartından istifadə etməklə bu ödənişi nağdsız qaydada həyata keçirə və endirimlərdən faydalana bilər.
Müasir tibbi avadanlıqlarla təchiz edilmiş, peşəkar həkim personalı ilə seçilən "Badam" Medical Center də layihəyə qoşulan şirkətlərdəndir. Bu tibb müəssisəsinin xidmətlərindən istifadə edən şəxslərə sosial ödəniş kartı ilə ödəniş etdikdə qiymətlər endirimlə hesablanır.
Sosial tərəfdaş olan şirkətlərin endirimlərindən faydalanmaq üçün sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş etmək kifayətdir.
"Sosial tərəfdaş" layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.