Nyu-York şəhərinin səmasında "Nyu-York limanı üzərində 2 977 işıq" adlı instalyasiya təşkil edilib. Bu vizual şou çərçivəsində 3 minə yaxın işıq saçan pilotsuz uçuş aparatı (dron) məşhur " Əkiz Qüllələr"in siluetlərini yenidən canlandırıb.
Oxu.Az xəbər verir ki, Kp.ru məlumat yayıb.
Sözügedən tədbir 2001-ci il 11 sentyabr tarixində baş vermiş dəhşətli hadisələrə həsr olunub. Səmada uçan dronların sayı terror aktları zamanı həyatını itirən günahsız insanların sayını əks etdirir. Qeyd edək ki, təyyarələri qaçıran 19 terrorçu bu rəqəmə daxil edilməyib.
Pilotsuz aparatlar havada hər iki göydələnin real memarlıq ölçülərinə uyğun konturlarını formalaşdırıblar. İşıqlandırılmış qüllə siluetləri bir neçə dəqiqə ərzində Manhettenin gecə mənzərəsinin ayrılmaz bir hissəsinə çevrilib. Xatırladaq ki, həmin gün törədilmiş dörd terror aktı nəticəsində ümumilikdə 2 977 nəfər həlak olub. Terrorçular tərəfindən ələ keçirilən sərnişin təyyarələri Dünya Ticarət Mərkəzinin binalarına və Pentaqona çırpılıb, daha bir təyyarə isə Pensilvaniya əyalətində yerə düşüb. 2011-ci ildə Aşağı Manhettendə, dağıdılmış göydələnlərin yerində "11 Sentyabr" Milli Memorialı açılıb. Bu memorial Cənub və Şimal qüllələrinin bünövrə cizgilərini dəqiqliklə əks etdirən və səthi güzgü kimi hamar olan iki dərin hovuzdan ibarətdir.