Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivas hesab edir ki, iyulun sonunda baş verən kütləvi qanunsuz miqrant axınından sonra muxtar şəhərdə hələ də 8 000-dən 11 000-dək miqrant qala bilər.
Oxu.Az bu barədə "Onda Cero" radiosuna istinadən xəbər verir.
O, ölkə hakimiyyətini "tamamilə dözülməz" vəziyyətin tənzimlənməsinin yeganə yolu kimi qanunsuz miqrantların Mərakeşə qaytarılması prosesini sürətləndirməyə çağırıb.
Vivas iddia edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu miqrantların Taraxal sərhəd-keçid məntəqəsi vasitəsilə Mərakeşə qaytarılmasıdır.
Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant İspaniyanın muxtar şəhəri Seutaya axın edib. İspaniya hökumətinin məlumatına görə, Seutaya 72 000-ə yaxın miqrant daxil olub. Onlardan təxminən 70 000-i artıq Mərakeşə qayıdıb.