ABŞ-də jurnalist Tomas Veyr Pauken Çinin xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirli bilinərək Birləşmiş Ştatlarda iki illik həbs cəzasına məhkum olunub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunan açıqlamada bildirilir.
Məlumata görə, ABŞ-nin baş prokurorunun köməkçisi Con Eyzenberqin sözlərinə görə, təqsirləndirilən şəxs Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin "əməliyyatlarını dəstəkləmək", o cümlədən "potensial agentləri ələ almaq və onlardan gizli məlumatlar toplamaq" məqsədilə öz Amerika vətəndaşlığından istifadə edib. "Pauken pul xatirinə öz ölkəsinə xəyanət edib", - deyə Eyzenberq bildirib.
İyunun 5-də Pauken ABŞ-də xarici hökumətin agenti funksiyalarını yerinə yetirdiyini və Çin kəşfiyyatının tapşırıqları əsasında hərəkət etdiyini etiraf edib. Amerikalı təxminən 15 il Çində yaşayıb və jurnalist kimi fəaliyyət göstərib: o, Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin kütləvi informasiya vasitələrində məqalələr dərc etdirib və televiziyada ekspert kimi çıxış edib.
Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, o, ən azı 2019-cu ildən 2026-cı ilə qədər Çin xüsusi xidmət orqanlarının, o cümlədən ÇXR Dövlət Təhlükəsizliyi Nazirliyinin müxtəlif tapşırıqlarını icra edib. Bu fəaliyyətinə görə Pauken kuratorundan ən azı 100 000 dollar məbləğində pul alıb.