"Amerika Birləşmiş Ştatları Polşa ərazisindəki hərbi kontingentini azaltmaq niyyətində deyil, əksinə, qüvvələrin sayının artırılması istiqamətində müzakirələr aparır".
Oxu.Az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"İctimaiyyəti əmin edirəm ki, Polşada olan ABŞ hərbçilərinin sayında heç bir azalma yoxdur, əksinə, biz bu rəqəmin böyüməsi üçün səylər göstəririk", - deyə o qeyd edib.
Kosiniyak-Kamış rəsmi Vaşinqtonun 4 min hərbçinin Polşaya göndərilməsi qərarını ləğv etməsinin əslində ABŞ-nin Avropadakı qüvvələrinin yenidən təşkili mərhələsi ilə bağlı olduğunu xüsusi vurğulayıb. Siyasətçinin sözlərinə görə, o və Polşa Ordusunun Baş Qərargah rəisi Vislav Kukula sözügedən mövzunu Pentaqon rəhbərliyi ilə artıq müzakirə ediblər.
Müdafiə naziri onu da əlavə edib ki, Vaşinqton hələlik Polşadakı hərbi mövcudluğun genişləndirilməsi barədə yekun qərarını verməyib.
Qeyd edək ki, bir müddət əvvəl "Defense News" və "Army Times" nəşrləri ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinad edərək, Vaşinqtonun 4 min əsgərin Polşaya yerləşdirilməsi qərarından imtina etdiyini yazmışdılar. Hazırkı dövrdə Polşa ərazisində həm daimi, həm də rotasiya qaydasında ümumilikdə 10 minə yaxın Amerika hərbçisi xidmət edir.