ABŞ-nin "Vanguard Energy" ticarət şirkəti Kubaya 250 min barel həcmində dizel yanacağı və benzin tədarük etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Metyu Klann "Bloomberg" agentliyinə müsahibəsində deyib. Bildirilib ki, bu, 1960-cı ildən bəri adaya edilən ən böyük ABŞ yanacağı tədarükü ola bilər. 100 min barel benzin və 150 min barel dizel yanacağından ibarət olacaq yük yalnız özəl sektorun ehtiyacları üçün nəzərdə tutulub. Hesablamalara əsasən, bu həcm təxminən 11 günlük standart tələbatı ödəmək üçün kifayət edəcək.
Agentlik qeyd edir ki, "Vanguard Energy" bundan əvvəl də Kubaya kiçik həcmlərdə benzin və dizel göndərib. Hazırda adaya yeni və daha böyük partiyanın çatdırılması məsələsi danışıqlar mərhələsindədir.
Şirkət artıq ABŞ bayrağı altında üzən gəmi icarəyə götürüb, Texasdakı neft emalı zavodu ilə razılaşma əldə edib və Kubada yanacağın saxlanması, eləcə də paylanması üçün xüsusi çənlər kirayələyib.
Qeyd edək ki, yanvar ayının sonlarında ABŞ administrasiyasının adaya yanacaq tədarükünün tam blokadasına yönəlmiş tədbirlər elan etməsindən sonra Kubadakı vəziyyət kəskin şəkildə pisləşib. Fevral ayından etibarən Vaşinqton Karib dənizi respublikasına qarşı bir neçə sanksiya paketi tətbiq edib ki, bu da adada böhranlı vəziyyətin yaranması ilə nəticələnib. Respublikada elektrik enerjisinin kəsilməsi saatlarla davam edir, bəzi bölgələrdə isə bu müddət bir sutka və daha çox olur.