Çinin "Alibaba Cloud" texnologiya şirkəti pulsuz "Qwen" virtual köməkçisini istifadəyə verib. Tərtibatçının bildirdiyinə görə, yaxın zamanda "ChatGPT"yə rəqabət yaratmaq üçün öz çat-botunun beynəlxalq versiyasını işə salacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, tətbiq "Alibaba Cloud"un açıq kodlu öz dil modeli əsasında yaradılıb. Çat-bot istifadəçi ilə söhbət edə bilir. O, fərdi süni intellekt (Sİ) kimi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub.
"Alibaba"nın törəmə şirkəti olan "Alibaba Cloud" fevral ayında bulud platformalarının və süni intellekt infrastrukturunun yaradılmasına üç il ərzində 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə yatırılacağını bəyan etmişdi.
Hazırda Çin süni intellekt sahəsində çox böyük inkişaf dövrünə qədəm qoyub. "Alibaba", "Baidu", "DeepSeek", "Moonshot AI", "Tencent" və "Zhipu AI" bu sahəyə liderlik edirlər.