Almaniyanın Ştade şəhərində atışmanı 45 yaşlı türkəsilli Almaniya vətəndaşı törədib. Həlak olanların hamısı uşaq baxımı mərkəzinin və ya qəyyumluq xidmətinin əməkdaşları olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Lüneburq polis idarəsinin rəhbəri Katrin Şuol mətbuat konfransında məlumat verib.
"Cinayətkar barədə deyə bilərəm ki, söhbət Almaniyada doğulan və Hannover bölgəsində yaşayan 45 yaşlı kişidən gedir. Onun Türkiyə kökləri var", - deyə Şuol bildirib.
İdarə rəhbəri cinayətin səbəbinin şübhəlinin üç aylıq qızı ilə bağlı qəyyumluq mübahisəsi ola biləcəyini qeyd edib. Uşaq və anası hadisə zamanı həmin müəssisədə olublar və xəsarət almayıblar.
Daha əvvəl məlumat verilmişdi ki, hadisə nəticəsində beş nəfər - dörd qadın və bir kişi həlak olub.
Almaniyanın şimalındakı Ştade şəhərində baş verən atışmada ən azı beş nəfər həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi təhlükəsizlik qüvvələrinin nümayəndəsinə istinadən məlumat verir.
Məlumata görə, polis iki nəfəri saxlayıb, onlardan birinin atıcı olduğu ehtimal edilir, digərinin isə saxlanılma səbəbləri hələlik məlum deyil.
Yerli KİV-in yazdığına görə, hadisə şəhər mərkəzində, Dankersştrasse yaxınlığındakı gənclər mərkəzində baş verib. Əlavə məlumat verilmir.
Əhalisi 50 000 nəfərdən bir qədər az Ştade Hamburqun qərbində yerləşir.
Almaniya polisi ölkənin şimalında, Aşağı Saksoniyanın Ştade şəhərinin mərkəzində xüsusi əməliyyat keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "T-Online" portalı yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat verib.
İlkin məlumata görə, atışma olub və beşə qədər insan ölüb. Polis vəziyyətin dinamik olduğunu bildirib.
Bir neçə şübhəli saxlanılıb. Həmçinin bildirilir ki, insident uşaq və yeniyetmələrə qulluq üçün nəzərdə tutulmuş müəssisədə baş verib.
İnsidentin səbəbləri barədə hələlik məlumat yoxdur. Hadisə yerinə fövqəladə hallar xidmətlərinin qüvvələri cəlb olunub.