Almaniyanın Frankfurt-Mayn şəhərində gecə saatlarında baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb.
Oxu.Az DPA-ya istinadən xəbər verir ki, bu barədə Hessen federal torpağının daxili işlər naziri Roman Posek məlumat verib.
Polisin məlumatına görə, 13-29 yaş aralığında olan gənclər və yeniyetmələr də daxil olmaqla, 54 nəfər saxlanılıb. İğtişaşçılar 17 mağazaya ziyan vurub, daha beş ticarət obyektini isə qarət ediblər.
Hüquq-mühafizə orqanları 87 cinayət hadisəsi qeydə alıb, 366 nəfərin sənədlərini yoxlayıb və 1 225 nəfərə mühafizə olunan əraziləri tərk etmək barədə göstəriş verib.
Toqquşmalar zamanı bir polis əməkdaşı ağır xəsarət alıb. Daşın üzünə dəyməsi nəticəsində o, bir neçə dişini itirib. Asayişin bərpasına ümumilikdə 1 300-dək hüquq-mühafizə əməkdaşı cəlb olunub.
Hessenin daxili işlər nazirinin qiymətləndirməsinə görə, zorakılıq əməllərində 1 000-1 500 nəfər iştirak etmiş ola bilər.
Qeyd edək ki, iğtişaşlar oktyabrın 31-i axşam saatlarında Almaniya gənclərinin əsasən dinc şəraitdə keçən nümayişindən sonra başlayıb. Gündüz keçirilən yürüşün iştirakçıları yaşayış xərclərinin artmasına, sosial xərclərin azaldılmasına və məcburi hərbi xidmətin bərpa oluna biləcəyi ehtimalına etiraz ediblər.
Lakin sonradan şəhər mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar, yanğınlar və kütləvi dağıntılar baş verib. Posek hadisələrdə iştirak edənlərin məsuliyyətə cəlb olunacağını vəd edib.