Bir qrup texnologiya sahibkarı Argentinada ranço inşa edir və nüvə müharibəsi, iqlim fəlakəti və ya iqtisadi çöküş halında orada sığınacaq tapmağa ümid edirlər. Layihəyə artıq təxminən 10 milyon dollar sərmayə qoyulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" yazıb.
"Uamani" adlanan ranço Mendosa əyalətində, And dağlarının ətəyində, ən yaxın yaşayış məntəqəsindən təxminən bir saatlıq məsafədə yerləşir. Onun sahəsi 32 000 hektar təşkil edir. Son iki ildə orada evlər, geodezik günbəzlər və uçuş-enmə zolağı inşa edilib.
Layihə Argentina-İspaniya IT sahibkarı Martin Varsavski tərəfindən həyata keçirilir.
Varsavski rançonu 2023-cü ilin dekabrında beş argentinalı və amerikalı iş adamı ilə birlikdə satın alıb. Onların arasında "Kind" batonları istehsalçısının təsisçisi, milyarder Deniel Lubetski və hazırda Argentinanın ABŞ-dəkı səfiri vəzifəsində çalışan texnologiya sahibkarı Alek Oksenford da var. Varsavski layihənin yarısına sahibdir, qalan 50% isə onun tərəfdaşları arasında bölünür.
Sahiblər "Uamani"ni xarici dünyadan mümkün qədər müstəqil etmək istəyirlər. Binaların günəş panelləri ilə təchiz olunması, ərazidə mal-qara saxlanması planlaşdırılır.
Varsavski genişmiqyaslı beynəlxalq münaqişə baş verəcəyi təqdirdə, Argentinanı ən təhlükəsiz yerlərdən biri hesab edir. O, bunu ölkənin əsas nüvə güclərindən uzaqlığı, eləcə də ərzaq ehtiyatı və enerji resursları ilə əlaqələndirir. Onun fikrincə, Argentina və Cənubi Amerikanın digər ölkələri hətta nüvə müharibəsindən sonra belə işlək bir cəmiyyəti qoruyub saxlaya biləcəklər.