İtaliya polisi Siciliya adasının Dəniz Mədəni İrsi İdarəsi ilə birlikdə qədim Roma dövrünə aid batmış gəmi aşkar ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ANSA agentliyi İtaliya Mədəniyyət Nazirliyinə istinadən məlumat verib.
Məlumata görə, eramızdan əvvəl II-I əsrlərə aid olduğu ehtimal edilən batmış Roma gəmisi Madzara-del-Vallo sahillərindən təxminən üç mil aralıda, 46 metr dərinlikdə aşkarlanıb.
Dəniz dibində tədqiqatçılar yüzlərlə amfora (qədim Yunanıstanda istifadə olunmuş, əsasən gildən, bəzən də metaldan hazırlanan darboğazlı ikiqulplu antik qab), iki qurğuşun lövbər çubuğu və eyni materialdan hazırlanmış daha bir konstruksiya tapıblar.
Ölkənin mədəniyyət naziri Alessandro Culi tapıntını son illərin ən vacib sualtı arxeoloji kəşflərindən biri adlandırıb. O qeyd edib ki, dəniz tarixin parçalarını geri qaytarmağa davam edir, gəmi isə Aralıq dənizini sivilizasiyaların kəsişməsinə çevirən insanlar, marşrutlar və ticarət haqqında təsəvvür yaradır.