ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyasında ABŞ nümayəndə heyətinin sədr müavini Bencamin Kardinin (Benjamin Cardin) hazırladığı 20 bənddən ibarət “Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən açıq-aşkar, kobud şəkildə pozulması” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, layihənin müzakirə olunduğu plenar iclas ATƏT PA prezidenti Ranko Kirovokapiçin sədrliyi ilə keçirilib.
Sənəddə deyilir ki, ATƏT-in Helsinki Yekun Aktına əsasən üzv ölkələr bir-birinin suveren hüquqlarını və sərhədlərin toxunulmazlığı prinsiplərini tanımalı, başqasının daxili işlərinə qarışmamalı, güc tətbiq etməməli, beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Bildirilir ki, Rusiya 1994-cü ildə Ukraynanın təhlükəsizliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da, 2014-cü ilin fevralından etibarən bu prinsipləri pozub, martın 16-da Krımda referendum keçirib, Ukraynanın şərq hissəsində beynəlxalq hüquqa zidd olaraq ölkənin daxili işlərinə müdaxilə edib və anneksiya (ilhaq) siyasətini həyata keçirib.
Sənəddə Ukraynanın suverenliyi və beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş ərazi bütövlüyünün tanındığı qətiyyətlə bəyan edilir.
Çıxış edən müəllif B. Kardin deyib ki, Ukraynada baş verənlərin birbaşa səbəbkarı Rusiyadır və rəsmi Moskva buna görə məsuliyyət daşıyır.
Rusiyalı deputat Oleq Lebedev isə qeyd edib ki, Krım Ukraynadan ayrılmaq üçün hüquqi yol keçib və orada qanuni referendum baş tutub: “Hansı ki belə hüquqi yolu heç bir Avropa ölkəsi keçməyib. Krım referendumunda 96 faiz Ukraynadan ayrılmağa səs verib”. O, həmçinin yaxın tarixi misal çəkərək qeyd edib ki, ABŞ Kosovanı ayırarkən bu hüquqi yolu təmin etməyib: “Ümumiyyətlə, bu qətnamədən ədalətsizlik qoxusu gəlir”.
Digər rusiyalı deputat Sergey Çijov isə iştirakçılara xəbərdarlıq edib: “Siz bu qətnaməni qəbul etməklə vəziyyəti daha da ağırlaşdırırsınız. Siz bu gün burada yeni bir qığılcımın başlamasına rəvac verirsiniz”.
Ukrayna nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski Rusiya nümayəndələrinə etiraz edib: “Ukrayna heç kimin ərazisini işğal etməyib. Ukrayna tərəfinin elan etdiyi atəşkəs müddətində Ukrayna əsgərləri atəş açmayıb. Ötən 10 gün ərzində 27 Ukrayna əsgəri öldürülüb, 60-a axın əsgər yaralanıb. Ukraynanın elan etdiyi atəşkəs qarşı tərəfdən pozulur. Burda populist çıxışlar etməyək, reallıqdan danışaq. Xalqların öz müqəddəratını təyinetmə hüququndan danışılanda Krımı bura əlavə etmək olmaz. Krımda ruslar, ukraynalılar, tatarlar və başqa millətlər yaşayır”.
Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib ki, ölkəsi Ukraynanın nə şərqində, nə də qərbində müharibə getməsini istəyir: “Ukraynaya sülh lazımdır. Regionda müharibələr, qarşıdurmalar təkrarlanmamalıdır”.
Azərbaycanlı deputat Azay Quliyev isə bildirib ki, ATƏT məkanında - Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və Helsinki Yekun Aktının bütün prinsipləri pozulub: “Bu gün burada Helsinki prinsiplərinin pozulması müzakirə olunur və onun gələcəkdə pozulmaması ilə bağlı çağırışlar edilir. Ukrayna böhranının ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıyam. Amma bu gün ATƏT regionunda ərazi bütövlüyünün pozulması halları digər ölkələrdə də mövcuddur və ciddi narahatlıq doğurur. Gələn il Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyi qeyd olunacaq. Biz bu yubileyə hansı uğurlar və müsbət nəticələrlə gedirik? Bu 40 il müddətində Helsinki Yekun Aktı bizə nə verdi? Biz Helsinki Yekun Aktının 40 illiyi ilə əlaqədar Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması ilə bağlı tutarlı bir hesabat hazırlamalı və bura təcrübəli, peşəkar insanları cəlb etməliyik”.
ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soares Ukraynada keçirilmiş prezident seçkilərinin bəzi regionlarda - Luqansk və Donetskdə baş tutmamasından narahatlığını ifadə edərək nəticələrin orada da tanınmasını istəyib. Onun təklifi ilə 25 may seçkilərinin bütün ölkə üzrə legitim sayılması məsələsi layihəyə salınıb.
Başqa bir sıra ölkələrin deputatları da çıxış edərək qətnaməyə dəstək veriblər. Ermənistan nümayəndə heyəti isə bütün müzakirə boyu susqunluq nümayiş etdirib. Yalnız Fransadan olan deputat Marie-Francoise Bechtel Rusiyanın lehinə mövqe bildirib: “Burada Rusiya Ukraynadan heç nə tələb etmir. Siz burada bütün öhdəlikləri Rusiyanın üzərinə qoyursunuz, amma Ukraynadan heç nə tələb olunmur. Bu, birtərəfli qətnamədir”.
Rusiyalı deputat O. Lebedev təkrar söz alaraq qətnamədən "soyuq müharibə qoxusu" gəldiyini bildirib və etiraz olaraq zalı tərk edib.
Qətnamə layihəsi səsə qoyulub və lehinə 92 səs, əleyhinə 30 səs, bitərəf 27 səs olmaqla, qəbul edilib.
Tədbirin sonunda jurnalistlərə açıqlamasında ABŞ-ın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti rəhbərinin müavini Bencamin Kardin Rusiyanın ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı ATƏT-in öhdəliklərini pozduğunun Ukraynanın timsalında açıq-aşkar göründüyünü deyib.
Münaqişələr yarandıqdan sonra onların həllinin çətin olduğunu qeyd edən B. Kardin deyib ki, bu gün “dondurulmuş” münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi mövcuddur. O, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, “dondurulmuş” münaqişələrin həll olunmasını istədiklərini bildirib: “Bu, bizim mesajdır. Biz münaqişələrin çoxalmasını yox, həllini istəyirik”. (Trend)