Avropa İttifaqı (Aİ) Şurası noyabrın 24-də Aİ-nin 2026-cı il üçün 192.8 milyard avroluq büdcəsini rəsmən təsdiqlədi
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "İnterfaks" yayıb.
"Bu gün biz qarşıdan gələn ildə Aİ-nin ortaq prioritetlərimizi həyata keçirməyimizə imkan verən davamlı və möhkəm büdcəsini təmin etməkdən ötrü son addımı atdıq. Müdafiə, miqrasiya, rəqabət qabiliyyətlilik və böhranlı vəziyyətlərinə hazırlıq kimi prioritetləri əhatə edən bu büdcə, Avropa vətəndaşlarının ehtiyaclarına qətiyyətlə reaksiya verməyimizə imkan verir", - deyə Aİ Şurasına sədrlik edən Danimarkanın maliyyə naziri Nikolay Vammen bildirib.
Bildirilir ki, 2026-cı il büdcəsi üzrə öhdəliklərin ümumi həcmi 192.8 milyard avro, ümumi ödənişlər isə 190.1 milyard avro müəyyən edilib.
Aİ Şurasının bəyanatında qeyd olunub ki, uzunmüddətli maliyyə planı üzrə cari öhdəliklərin xərc limiti çərçivəsində 715.7 milyon avro ehtiyat ayrılıb ki, bu da Avropa İttifaqına gözlənilməz hallara reaksiya göstərmək imkanı verir.
Büdcə Avropa Parlamenti tərəfindən qəbul edildikdən sonra tam təsdiqlənəcək. Gözlənildiyinə görə, bu, noyabrın 26-da baş verə bilər.