Avropada davam edən anomal istilər fonunda Çin vətəndaşları yaxınlarına və dostlarına poçt vasitəsilə portativ kondisionerlər göndərməyə başlayıblar.
Oxu.Az "Toutiao"ya istinadən xəbər verir ki, bu, Avropada kondisioner çatışmazlığı və yüksək qiymətlərlə bağlı yaranan vəziyyətdən irəli gəlir.
Çendu şəhərindən olan bir tələbə Böyük Britaniyada təhsil alan sevgilisinin istidən gecələr yata bilmədiyini nəzərə alaraq, ona portativ kondisioner göndərib. Cihazın özünün qiyməti təxminən 1 000 yuan (129 avro) olsa da, Avropaya çatdırılma xərci 2 000 yuan (257 avro) təşkil edib. Tələbə qeyd edib ki, kirayə mənzillərdə adətən split sistemlərin quraşdırılmasına icazə verilmədiyi üçün portativ modellər yeganə çıxış yoludur.
Oxşar vəziyyət Fransada da müşahidə olunur. Parisdə işləyən çinli tələbə bildirib ki, gündüzlər temperatur 40 dərəcəni keçir, gecələr isə 30 dərəcədən aşağı düşmür. O, əvvəlcə dondurulmuş su şüşələri və spreylərlə sərinləməyə çalışsa da, bu üsullar effekt verməyib. Kondisioner almaq istədikdə isə bazarda əksər modellərin artıq satıldığı məlum olub.
Bəzi tələbələr logistika xərclərini azaltmaq üçün birgə sifarişlərə üstünlük verirlər. Belə ki, Çin satış platformalarının birində 399 avrodan yuxarı sifarişlərə 100 avro endirim kampaniyasından yararlanmaq üçün istifadəçilər sosial şəbəkələrdə alış-veriş etmək üçün "şərik" axtarırlar.
Logistika şirkətləri də Avropaya kondisioner daşınmasında kəskin artım olduğunu təsdiqləyirlər. Ən çox sifariş Almaniya, Fransa və Böyük Britaniyaya göndərilir. Daşıyıcıların sözlərinə görə, əsasən portativ kondisionerlərə tələbat çoxdur, çünki bu cihazların quraşdırılması üçün xarici blok tələb olunmur və tələbələr təhsillərini başa vurduqdan sonra onları asanlıqla yenidən sata bilirlər.