Fransa Futbol Federasiyası (FFF) Paraqvay senatoru Seleste Amariliyanın Fransa millisinin hücumçusu Kilian Mbappe barəsində səsləndirdiyi irqçi fikirlərlə bağlı bəyanat yayıb.
Oxu.Az bu barədə "Sport Express" nəşrinə istinadən xəbər verir.
Senator Mbappeni "özünü canfəşanlıqla fransız kimi qələmə verən təkəbbürlü və eybəcər kamerunlu" adlandırıb. O, həmçinin DÇ-2026-nın 1/8 final oyunundan sonra Paraqvay futbolçularının Mbappeyə şillə vurmamasından təəssüfləndiyini bildirib.
FFF-nin bəyanatında qeyd olunub ki, senatorun səsləndirdiyi irqçi ifadələr tamamilə iyrənc və qəbulolunmazdır: "Bu sözlər qanunaziddir, qınağa layiqdir və hüquqi müstəvidə təqib edilməlidir. FFF məhkəmə iddiası qaldırılması üçün prokurorluğa müraciət edir".
Federasiyadan vurğulanıb ki, onlar bu cür təhqirlərlə üzləşən bütün oyunçulara olduğu kimi, Mbappeyə də tam dəstək nümayiş etdirirlər:
"Bu ifadələr onu səsləndirənləri və yayanları rüsvay edir. Fransa millisinin üzvləri Fransanı təmsil edirlər, deməli, təhqir olunan birbaşa bizim ölkəmizdir".
Kilian Mbappe özü də irqçi fikirlərə cavab olaraq, Amariliyanı tutduğu vəzifəyə layiq olmayan rəzil şəxs adlandırıb.
Xatırladaq ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu penaltidən Mbappe vurub. Fransa yığması dünya çempionatının 1/4 finalında iyulun 9-da Mərakeşlə qarşılaşacaq.