Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri Tbilisidə Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin inteqrasiyası və onların Türkiyənin enerji sisteminə qoşulması imkanlarını müzakirə ediblər.
Oxu.Az bildirir ki, bu barədə Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyası "Facebook" səhifəsində məlumat verib.
Müzakirələrdə Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının rəhbəri David Narmaniya və Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan iştirak ediblər.
Görüş Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Pedro Verdelyo və "EU4Energy" proqramının nümayəndələrinin iştirakı ilə IX Ümumdünya Enerji Tənzimləmə Forumu (WFER IX) çərçivəsində baş tutub.
İştirakçılar regional energetika əməkdaşlığının dərinləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.