İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranın nüvə sahəsində öhdəliklərini tam yerinə yetirmədiyini əks etdirən qətnamə qəbul etməsini pisləyib.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının birgə bəyanatında bildirilir.
Birgə bəyanatda qeyd olunur ki, bu addım siyasi motivlərə əsaslanır və onun texniki, hüquqi əsası yoxdur.
"İranın BAEA-nın siyasi qətnaməsinə cavab verməkdən başqa çarəsi yoxdur", - Tehranın yaydığı cavab bəyanatında qeyd olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və bu qətnamədə son 20 ildə ilk dəfə olaraq Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərini pozduğu aşkarlanıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xarici KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, İran 2019-cu ildən etibarən agentliyə bəyan edilməmiş nüvə materialı və nüvə obyektlərinin fəaliyyəti ilə bağlı tam və vaxtında açıqlama verməyib.
Qeyd olunub ki, bu vəziyyət Tehranı qəzəbləndirəcək, eləcə də İrana tətbiq edilən sanksiyalar və Tehranın nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün aparılan İran-ABŞ danışıqlarını çətinləşdirəcək.