Banqladeşin mərkəzi hissəsində yerləşən Dakka əyalətində yük maşınının aşması nəticəsində azı 15 nəfər ölüb, daha altı nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə yerli vaxtla təqribən saat 04:30-da paytaxtdan 100 km şimal-qərbdə, Tanqayl dairəsindəki magistral yolda qeydə alınıb. Armaturla yüklənmiş ağır tonnajlı avtomobil eyni zamanda Qurban bayramını (İd əl-Ədha) qeyd etməyə yollanan sərnişinləri də daşıyıb. Polisdən "The Daily Star" nəşrinə 15 nəfərin hadisə yerindəcə keçindiyini və altı yaralının yaxınlıqdakı yerli xəstəxanaya yerləşdirildiyini təsdiqləyiblər.
İlkin ehtimallara əsasən, sürücü sükan arxasında yuxuya gedib və nəticədə yük maşını yol kənarındakı xəndəyə düşüb. Sərnişinlər metal armaturların altında qalaraq həyatını itiriblər.