Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində üzən gəmi naməlum mərmi ilə vurulub, nəticədə idarəetməsini itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, insident BƏƏ-nin Dibba şəhərindən 17 dəniz mili şərqdə baş verib.
UKMTO-nun açıqlamasında bildirilib ki, gəminin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu, nəticədə isə sükan idarəetmə sisteminin zədələndiyini deyib.
"Hazırkı məlumata əsasən, ekipajın bütün üzvləri təhlükəsiz vəziyyətdədir. Ətraf mühitə hər hansı ziyan dəyməsi barədə məlumat daxil olmayıb", - deyə koordinasiya mərkəzinin açıqlamasında qeyd olunub.