Belçikanın Sint-Gillis şəhərində Şərqi Flandriya Ümumi Sosial Yardım Mərkəzinə (CAW) məxsus binada aparılan təmir işləri zamanı divarın içindən qızıl dolu seyf aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə RTL telekanalı Şərqi Flandriya prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, "De Brand" şirkətinin ustaları zirzəminin divarını sökərkən içərisi qızıl sikkələr, külçələr və digər qızıl əşyalarla dolu seyf tapıblar. İlkin qiymətləndirməyə əsasən, tapılan qızılların ümumi dəyəri təxminən 9 milyon avrodur.
İnşaat işçiləri xəzinəni aşkarladıqdan dərhal sonra sifarişçi tərəfi məlumatlandırıblar. Ardınca əraziyə polis əməkdaşları cəlb olunub və tapılan qızıllar təhlükəsiz yerə aparılıb.
Hazırda prokurorluq qızılların mənşəyini və həqiqi sahibini müəyyənləşdirmək üçün araşdırma aparır.
Hələlik heç kim seyfin içindəkilərə sahib çıxmayıb. İstintaq nömrələnmiş qızıl parçaları, sikkələr və külçələr də daxil olmaqla, əldə olan məlumatlar əsasında onların sahibini müəyyənləşdirməyə çalışır.
Təmir işləri zamanı qızılları aşkarlayan işçilərin mükafatlandırılması məsələsinə isə ayrıca baxılacağı bildirilib.